Məhkəmə qərarları › İş №3(125)-851/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-851/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-851/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (əvvəlki adı X7) oğlunun iştirakları ilə, xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (əvvəlki adı X7) oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1225/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs (əvvəlki adı X5) 20.000 manat borc və 30 manat dövlət rüsumu və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-473/2014 saylı, xx.xx.2014cü il tarixli icra vərəqəsinə əsasən 2880 manat və 14.40 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə bağlı borcluya tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1225/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə olan borcundan cəmi 3500 manat ödəniş etmişdir. Həmin icra sənədi üzrə 16530 manat borcun və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 473/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə olan 2894 manat borcunu ödəməmişdir. Borcluya tələbi könüllü icra etməsi üçün bildiriş verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən tam təmin edilməmişdir. Borcluya xəbərdarlıqlar verilməsinə baxmayaraq borclu qalan borcunu ödəməmişdir. Borclu izahatında bildirmişdir ki, səhhəti ilə bağlı işləyə bilmədiyi üçün borcunu ödəyə bilmir. Borclu Gəncə Şəhər Nizami Rayon Məşğulluq Mərkəzinin ona təklif etdiyi işdən imtina etmişdir. Belə ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından dolayı yolla boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnziba Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədlərini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. O, hazırda tələbkar ilə icra sənədinin icrası ilə bağlı heç bir razılığa gələ bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır, bu barədə icra məmuru onu xəbərdar etmişdir. O, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1225/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə olan borcundan cəmi 3500 manat ödəniş etmişdir. Hazırda ürək xəstəliyindən əziyyət çəkdiyi və müalicə olunduğu üçün heç bir yerdə işləyə bilmir, buna görə də maddi vəziyyəti yaxşı deyil. Hazırda isə maddi imkanı olmadığı üçün tələbkara ödəniş edə bilməyəcəkdir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1225/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, X1 20.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-473/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, X1 2880 manat və iş üzrə ödənilmiş 14.40 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu X3 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1225/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu X3 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-473/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında 16 sentyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1225/2013 saylı, xx.xx.2013-cü il tarixli və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-473/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs (əvvəlki adı X7) oğluna icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıqlar edilmişdir. İş materiallarına əlavə edilmiş X2 tərəfindən verilmiş sənədlərin surətindən görünür ki, Şəxs ürək xəstəliyindən əziyyət çəkir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1225/2013 saylı, xx.xx.2013-cü il tarixli və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-473/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs qətnaməni icra sənədi ilə müəyyən edilmiş qaydada icra etməyərək icra sənədinin icrasından yayınmış və tələbkarla qətnamənin icrası ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, o cümlədən ürək xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (əvvəlki adı X7) oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar