Məhkəmə qərarları › İş №3(125)-853/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-853/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-853/2025 28.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İcra məmuru X6 tərərfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-896/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung LED televizor, Samsung markalı paltaryuyan üçün 1611 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 1002 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********48638 olan Xiaomi Mi A2 Lite telefon üçün 390 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu, xx.xx.2019-cu il müqaviləsinə əsasən LG markalı LCD televizor üçün 392 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu, ümumilikdə 3418 manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. X1 icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu, borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirli və bu günədək heç bir ödəniş etməmişdir. Qanunun tələblərini yerinə yetirməkdən yaymır. X1 barəsində axtarış qərarı qəbul edilmiş aidiyyatı üzrə göndərilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş İcra məmuru Anar Əliyev protokolun məzmununda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X2 bu gün borcundan 100 manat ödəniş etmiş və qalan borcu isə digər aylarda hissə-hissə ödənilməsi barədə tələbkarın nümayəndəsi ilə razılığa gəlmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun həmin borcdan məlumatı olmamışdır. İndi isə borcundan 100 manat ödəniş etmişdir. Qalan borcun hər ay hissə-hissə ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişlər. Sonda o, inzibati məsuliyyətdən azad edilməsi haqqında qərar q Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, İcra məmurunu və borclunu dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatından, həmçinin təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-896/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindəki tələbin qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Çünki borclu borcundan 100 manat ödəmiş, qalan borcu da hər ay hissə-hissə ödəyəcəyinə dair tərəflər öz aralarında razılığa gəlmişlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “icra sənədindəki tələbin üzürsüz səbəbdən icra edilməməsi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 28 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar