Məhkəmə qərarları › İş №3(125)-857/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-857/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-857/2025 28.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Ədil İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu, 535.1-ci və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında aralarında baş vermiş mübahisə zamanı arvadı X3 vuraraq xəsarət yetirmiş, ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 02:19 radələrində ünvan 2 ünvanda yaşayan X1 DİN-in “102” xidmətinə əri Şəxs onunla münaqişə etməsi və onu döyməsi barədə vermiş olduğu məlumat ilə bağlı məlumatda qeyd olunan ünvana əməliyyat qrupunun üzvləri ilə birlikdə gedilmiş, həmin ünvanda olan zaman Şəxs ucadan nalayiq ifadələr işlətdiyi üçün tərəflərindən sakitləşməsi ondan tələb edilmiş, lakin Şəxs həmin vaxt özünü qeyri-səmimi apararaq onların qanuni tələblərinə qəsdən tabe olmayıb öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bununla da Şəxs İXM-in 510-cu, 535.1-ci və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsini qismən etiraf edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə DİN-in “102” xidmətinə X1 barəsində etmiş olduğu müraciətlə tanış olmuşdur. Bildirir ki, Əminə Sadıxova onun həyat yoldaşıdır. Əminə Sadıxova ilə 18 ildir ki, evlidilər, iki övladları var. Qeyd edir ki, iki ildir ki, rəsmi olaraq boşanmışlar, lakin birlikdə yaşayırlar. İndiyədək Əminə ilə arasında mütəmadi olaraq mübahisələr olmuşdur. Mübahisəyə səbəb ailəsinin onun içki içməsinə irad bildirməsi olmuşdur. Sonuncu dəfə də xx.xx.2025-ci il tarixdə saat 01 radələrində yaşadıqları evdə olarkən Əminənin onu polisə şikayət etdiyini bildirərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Əminə və anası Dilarə ona içki içməyinə görə də irad bildirmişdilər. Bu zamanı anasına və Əminəyə qarşı təhqiramiz ifadələr işlətmişdir. Sonra isə evin həyətinə çıxaraq siqaret çəkmişdir. Qeyd edir ki, Əminəni vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Sadəcə olaraq Əminəyə qarşı təhqiramiz ifadələr işlətmişdir. Bundan sonra da Əminənin “102” xidmətinə məlumat verməsini öyrənmiş və polis əməkdaşları yaşadıqları ünvana gəlmişdir. Mübahisə sonlanmışdır. Mübahisə zamanı Əminə Sadıxovanı vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Şəxs ona istinad olunan inzibati xətanı törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı işdə olan yazılı izahatlarla da tam təsdiq edilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:50-də inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, № 722/2025 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti yüngül dərəcəli alkoqol sərxoşluqdur. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3–cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutlmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında daha ciddi tənbeh nəzərdə tutulduğundan Şəxs həmin maddə ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İşə məhkəmədə baxılarkən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Şəxs ikinci qrup əlildir. Bu isə o deməkdir ki, Şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir. Məhkəmə göstərir ki, belə halda onun barəsində inzibati həbs növündə intizam tənbehi tətbiq edilə bilməz. Artıq yuxarıda qeyd edildiyi kimi iş materiallarından müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 157-ci maddəsinin sanksiyası çərçivəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar