Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-858/2025 11.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1957-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 17:30 radələrində sürücü, Şəxs sürücülük vəsiqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus “Mitsubishi Paiero” markalı ** CS *** d.q.n.n-lı avtomobili Gəncə şəhəri, Göytürk küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq əks hərəkət zolağından geriyə doğru manevr edən zaman həmin küçə ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq düzünə hərəkətdə olan sürücü, Şəxs sürücülük vəsiqəsi olmaqla, ayıq vəziyyətdə və etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı ** BY *** d.q.n.n-lı avtomobil ilə toqquşmuş, nəticədə X2 YÜNGÜL dərəcəli bədən xəsarəti almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır. Cərimə cəzasının tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə nümüyəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarıda olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X9 Şöbəsinə göndərilməsi qərara alınmışdır. -Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, idarə etdiyi “Mitsubişi Pafero” markalı **-CS-*** d.q.n.n-lı avtomobil ona məxsusdur. Həmin avtomobili BC kateqoriyalı sürücülük hüququ olduğundan idarə edir. xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində həmin avtomobillə Gəncə şəhəri, Göytürk küçəsi ilə hərəkətdə olan zaman yolun sağ tərəfində yerləşən “İslam” marketin qarşısında avtomobilini saxlayaraq mağazaya daxil olmuşdur. Bir neçə dəqiqə sonra mağazadan çıxmış və avtomobilinə əyləşmişdir. Daha sonra o geriyə dönmə əməliyyatını həyata keçirmək istəyən zaman yolun əks istiqamətinə diqqətlə baxmışdır. Bu vaxt təxminən ondan 250 metr aralıdan, qarşı yolla gələn bir avtomobili görmüşdür. O, həmin vaxt görmüş olduğu avtomobilin ona çatana qədər geriyə dönmə əməliyyatını həyata keçirsə qurtaracağını düşünmüşdür. Buna görə də manevrə başlamışdır. Laxın o geriyə dönmə manevrini tam başa çatdırmamışdır ki, uzaqdan gördüyü “Hyundai” markalı avtomobil onun avtomobilinin sağ yan tərəfi ilə toqquşmuşdur. Həmin vaxt o baş nahiyəsindən xəsarət almışdır. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və müayinə etmişlər. Lakin o, polis əməkdaşlarına xəsarətinin olmadığını bildirmişdir. Daha sonra sərxoşluğun yoxlanılması məqsədi ilə narkoloji dispanserə getmişdir. Orada ayıq olmağı müəyyən olunmuşdur. Daha sonra baş nahiyəsində ağrılar davam etdiyi üçün Gəncə şəhər 3 saylı xəstəxanaya müraciət etmişlər. O, almış olduğu xəsarətlə bağlı tibbi ekspertizadan keçmək istəmişdir. -Araşdırma zamanı izahatı alınmış X3 izahatında göstərmişdir ki, göstərmişdir ki, idarə etdiyi “Hyundai Sonata” markalı **-BY-*** d.q.n.n-lı avtomobil etibarnamə ilə ona məxsusdur. Həmin avtomobili BC kateqoriyalı sürücülük hüququ olduğundan idarə edir. xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində həmin avtomobillə Gəncə şəhəri, Göytürk küçəsi ilə hərəkətdə olan zaman “Mitsubişi Pajero” markalı bir avtomobil anidən əks yoldan geriyə dönmə əməliyyatı edərək hərəkət istiqamətimin qarşısına çıxmışdır. Nəticədə idarə etdiyi avtomobilin ön hissəsi ilə “Mitsubişi Pajero” markalı avtomobilin sağ yan tərəfi toqquşmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və müayinə etmişlər. Həmin vaxt nə ona nə də ki, qarşı avtomobilin sürücüsü polis əməkdaşlarına xəsarət almağlarını bildirməmişlər. Daha sonra narkoloji dispanserə getmiş və ayıq olmağı müəyyən olunmuşdur. Bir neçə saat sonra polis əməkdaşlar onunla əlaqə saxlayaraq qarşı avtomobilin sürücüsünün xəstəxanaya müraciət etməsini bildirmişdir. -Material üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının 1497 saylı rəyindən görünür ki, vət, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət — sol göz ətrafı nahiyyənin yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi, sol təpə nahiyyəsinin yarası — KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YUNGÜL zərər vurmaya aid edilir. -Material üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının 1498 saylı rəyindən görünür ki, vət. X1 bədəni üzərində müəyyən edilmiş xəsarət — sol bazu nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi, sol bazu nahiyyəsinin səthi yarası, sağ əl pəncəsinin üst səthinin, sağ əlin V barmağınının üst səthinin sıyrığı — KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində gostərilən tarixə, yəni xx.xx.2024-cü il tarixinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. -Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli 4610/2024 nömrəli aktdan görünür ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş şəxsin etirafedici ifadəsi, inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-858/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-858/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver