Məhkəmə qərarları › İş №3(125)-860/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-860/2022

22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-860/2022 22.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Protokolu tərtib etmiş orqanın nümayəndəsi X2, Barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 538-1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X4 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi halı aşkar olunmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 538-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs MMC barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, MMC tərəfindən verilən uyğunluq serfitikatları fəaliyyət sahəsinə uyğun olaraq tərtib olunaraq verilmişdir. MMC tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi ilə bağlı inzibati xəta törədilməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan AZ 031.xx.xx.03078.22 (İSS 005732) nömrəli, xx.xx.2022-ci il tarixli Malların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq serfitikatından görünür ki, uyğunluğu qiymətləndirilmiş kodu 8.11.11 olan «Dağ süxurlarından divar daşları» adlı malın standarlaşdırma üzrə nömrəsi ГОСТ 4001-2013dür. İş materiallarında olan AZ 031.xx.xx.02635.22 (İSS 005728) nömrəli, xx.xx.2022-ci il tarixli Malların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq serfitikatından görünür ki, uyğunluğu qiymətləndirilmiş kodu 16.24.13 olan «Arı Yeşikləri» adlı malın standartlaşdırma üzrə nömrəsi ГОСТ 20740-75-dir. İş materiallarında olan AZ 031.xx.xx.03947.22 (İDS 016759) nömrəli, xx.xx.2022-ci il tarixli Malların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq serfitikatından görünür ki, uyğunluğu qiymətləndirilmiş kodu 14.19.31.80 olan «Sergent Major textile Export Ltd» adlı malın standartlaşdırma üzrə nömrəsi ГОСТ 28754-2018-dir. İş materiallarında olan AZ 031.xx.xx.03159.22 (İDS 012009) nömrəli, xx.xx.2022-ci il tarixli Malların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq serfitikatından görünür ki, kodu 23.64.10 olan «Hidrofoblaşdırıcı maye, hidrostop» adlı malın standartlaşdırma üzrə nömrəsi ГОСТ 10834-76-dir. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli Şəxs MMC-nin İstehlak məhsullarının sertifikatlaşdırılması orqanının akkreditasiyası sahəsindən görünür ki, siyahıda sertifikatlaşdırılan malın (işin, xidmətin) adı, kodu və normativ sənədin işarəsi qeyd edilmişdir. Həmin siyahının 44-cü bəndində kodu 08.11.11 olan «Dekorativ və ya tikinti üçün mərmər və digər əhəng daşı» məhsulunun normativ sənədlərinin işarəsi sırasında «ГОСТ 4001-2013» nömrəsi göstərilməmişdir. Həmin siyahının 69-cu bəndində kodu 16.24.13 olan «Sair taxta və tara və onun hissələri» məhsulunun normativ sənədlərinin işarəsi sırasında «ГОСТ 20740-75» nömrəsi göstərilməmişdir. Həmin siyahının 61-ci bəndində kodu 14.19.31 olan «Təbii və ya süni dəridən geyim aksesuarları» məhsulunun normativ sənədlərinin işarəsi sırasında «ГОСТ 28754-2018» nömrəsi göstərilməmişdir. Həmçinin həmin siyahının 110-cu bəndində kodu 23.64.10 olan «Tikinti» məhsulunun normativ sənədlərinin işarəsi sırasında «ГОСТ 10834-76» nömrəsi göstərilməmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktunundan görünür ki, may-iyul ayları ərzində uyğunluğun qiymətləndirilməsi nəticəsini verilmiş uyğunluq sertifikatlarının surəti həmin məktuba əlavə edilərək göndərilmişdir. İnzibati xəta haqqında protokolun məzmunundan görünür ki, məktubun surəti xx.xx.2022-ci il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuşdur. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən akkreditasiya nişanı – uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişan; 1.0.9-cu maddəsinə əsasən sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs MMC tərəfindən verilən uyğunluq sertifikatlarında istehlak məhsullarının sertifikatlaşdırılması orqanının akkreditasiyası sahəsində müəyyən edilmiş normativ sənədin işarəsindən fərqli işarələr müəyyən edilmiş və beləliklə də Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta uzanan xəta olmaqla, qanunvericiliyə uyğun olaraq qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi ilə inzibati xəta əməli törədilməyə başlayır və inzibati xəta əməlin aşkar edildiyi vaxt törədilmiş (başa çatmış) sayılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, “Uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, Şəxs MMC-yə isnad olunan İXM-in 538-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta idarəçilik qaydaları əleyhinə olan olan inzibati xəta olmaqla, həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.1-ci maddəsinə əsasən üç aydır. Eyni zamanda məhkəmə qeyd edir ki, İXM-in 538-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta uzanan xəta hesab olunduğundan, həmin inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın aşkar edildiyi, yəni MMC tərəfindən uyğunluq sertifikatlarının surətlərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə verildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə olan vəziyyətdə hüquqi şəxsin İXM-in 538-1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin xx.xx.2022-ci il tarixdə başa çatdığı müəyyən olunur. Hazırki halda inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 538-1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar