Məhkəmə qərarları › İş №3(125)-862/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-862/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-862/2022 27.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis sahə rəisi, polis mayoru Sənani Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Məhsəti qəsəbəsində Zərərçəkmiş şəxs aralarında baş vermiş münaqişə zamanı döymüşdür. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis sahə rəisi, polis mayoru Sənani Məmmədov protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Məhsəti qəsəbəsində Zərərçəkmiş şəxs aralarında baş vermiş münaqişə zamanı döymüşdür. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin TBnin təhqiqatçısı, polis mayoru X3 tərəfindən ilkin araşdırma aparıldıqdan sonra Şəxs əməlində cinayə tərkibi olmadığı üçün 30 sentyabr 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və material inzibati protokol tərtib edilməsi üçün aidiyyəti üzrə Gəncə ŞBPİ-nin 2-ci Polis şöbəsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə sonuncunun İXMin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, o, X2 ilə qeyri-rəsmi nikahda olmaqla Xəyala məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsi 23-cü küçədə yerləşən mənzildə Xəyal və faktiki nikahlarından doğulmuş Cəbrayıl adlı uşaqları iləilə birgə yaşayırlar. Xəyalın birinci nikahdan olan arvadı Esmira və iki uşağı məhkəmə qərarı ilə Xəyala məxsus evdə yaşamaq hüququ əldə etmişlər, lakin orada yaşamamışlar. 20 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Esmira həmin mənzilə gəlmiş, o, orada yersiz hərəkətlər etdiyi və onun uşağına qarğış etdiyi üçün onların rasında mübahisə yaranmış, əvvəl Esmira onu, daha sonra isə o, Esmiranı döymüşdür. Sonda o, əməlindən peşman olduğunu, himayəsində 4 aylıq uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, məhkəmə qərarı ilə ona yaşamaq hüququ verilmiş keçmiş əri Xəyalın mənzilinə 20 sentyabr 2022-ci il tarixdə getmiş, lakin orada ona sanitar qovşaqdan istifadə etməyə maneə olmuşlar. Ona verilmiş otağın qapısının ağzına yataq qoyub otağın giriş-çıxışını qəsdən bağlamışlar və ona görə onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Xəyalın birlikdə yaşadığı Nəcibə onu döymüş və ona xəsarət yetirmişdir. Sonda o, Nəcibə ilə barışmadığını bildirmiş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Zərərçəkmiş şəxs saçından yolaraq fiziki ağrı yetirməsi, beləliklə İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı, barəsində tərtib edilmiş protokol, zərərçəkmiş şəxsin izahatı ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini və dərəcəsini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar