Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-866/2022 29.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə Şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Tağı Aranı küçəsində DYP əməkdaşlarının yoxlaması zamanı uca səslə ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni göstərişlərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərinə davam etmiş və polis əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Tağı Arani küçəsində dostu X1 avtomobilində hərəkətdə olan zaman DYPŞ-nin əməkdaşları avtomobili saxlamışlar. Dayandıqdan sonra isə polislər dostundan sənədlərini təqdim etməsini istəmişlər. Maşının duman işıqlarının LED işıqlar olduğu üçün qanunsuz olduğunu bildirmişlər, dostu isə zavoddan belə gəldiyini bildirmişdir. Polis əməkdaşları onunla razılaşmamış və onu maşının yoxlanması üçün DYP-nin binasına dəvət etmişlər, dostu isə atasına məlumat verdikdən sonra gələcəyini bildirmişdir. Sonra avtomobili müvəqqəti dayanacağa getməli olduğu üçün onun maşından düşməsini istəmişlər, o isə maşından düşməkdən imtina etmişdir. O, maşından düşdükdən sonra polis əməkdaşları ilə aralarında münaqişə yaranmışdır. Həmin vaxtı polislərin tələblərinin qanuni olmasını bilməmişdir. Daha sonra DYP əməkdaşları hadisə yerinə PPX əməkdaşlarını çağırmışlar və onlarla birlikdə duracağa getmişlər, oradan isə onları 1-ci PŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Barəsində olan inzibati işin icraataına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ PPXT-nin polis nəfəri, polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə 15-19 saylı marşrutda xidmətdə olarkən Gəncə Şəhər BPİ-nin növbətçi hissəsi radiostansiya vasitəsilə Tağı Arani küçəsində DYPŞ-nin əməkdaşlarına köməklik göstərilməsi bildirilmişdir. O isə dərhal həmin ünvana yaxınlaşıb özünü təqdim etmişdir. DYP əməkdaşları ona vətəndaşların onların qanuni göstərişlərinə tabe olmadıqlarını bildirmişlər. Vətəndaşları nizam intizama dəvət edib onları DYPŞ-nın duracağına aparmışlar, lakin həmin şəxs yenidən öz hərəkətlərinə davam edərək polisin ünvanına nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərini kobudcasına pozmuşdur. Həmin şəxsi yenidən nizam intizama dəvət etsə də o öz hərəkətlərinə davam etmişdir. Həmin şəxsi 1-ci polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Həmin şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində məlum olmuşdur ki, Şəxsdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə baxışı zamanı işdə iştirak edən şəxslərin iştirakı ilə hadisə zamanı DYP əməkdaşları tərəfindən aparılmış video yazıya baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs, polis əməkdaşının X1 idarə etdiyi Prius markalı avtomobilin duracağa aparılmalı olduğunu bildirərək arxa oturacağa keçməsini xahiş etsə də, Şəxs arxa oturacağa keçmək istəməyərək sərnişin olduğunu və avtomobil sahibinin onu getməli olduğu yerə qədər aparmalı olduğunu qeyd edir və ucadan danışmaqla polislərin onu təhqir etdiyini yüksək səslə bildirir və həmin vaxt küçədə ictimai qaydanın pozulmasına və ətrafda olan insanların səs-küyə oraya yığışmasına səbəb olur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs 27 oktyabr 2022-ci il tarixdən tutulduğu bir gün təyin edilmiş inzibati həbs tənbehindən çıxılaraq üzərində 07 (yeddi) gün inzibati həbs tənbehi saxlanılsın. Şəxs həbsə alınmasının əvvəli 29 oktyabr 2022-ci il tarixdən, saat 12:20-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(125)-866/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-866/2022
29.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver