Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-868/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinin polis kapitanı X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kəlbəcər rayonu, Susuzluq kəndində qeydiyyatda olan və Samux rayonu, Alıuşağı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 334.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X12 Şöbəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1, 332.2 və 334.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 11:25-də sürücü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2106” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin X12 Şöbəsinin polis kapitanı X6 protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:25-də sürücü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2106” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Bununla bağlı isə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2 və 334.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:25-də Nizami prospektində sürücülük hüququ olmadan və sərxoş halda idarə etdiyi “VAZ 2106” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etməni itirmiş və yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Hyundai İ30” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Sürücülük vəsiqəsinin müddətinin başa çatmasından məlumatı olmamışdır. Dörd övladı var, onlardan ikisi yetkinlik yaşına çatmayandır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzr istəmiş, bir daha belə hallara yol verməyəcək, ona görə də onun ailə vəziyyətini və digər qeyd edilən xüsusatları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 məhkəməyə izahat verərək, bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:25-də Nizami prospektində yolun sağ kənarında dayanmış vəziyyətdə olan ona məxsus “Hyundai İ30” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilini hərəkətdə olan “VAZ 2106” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurması barədə ona məlumat vermişlər. O, hadisə yerinə gələndə görmüşdür ki, həqiqətən “VAZ 2106” markalı avtomobil onun dayanmış vəziyyətdə olan avtomobilini vurmuşdur. Ona hadisə nəticəsində maddi zərər dəymiş və həmin zərər ona ödənilməmişdir. İş materiallarına əlavə edilmiş 26 aprel 2023-cü il tarixli, 6844 nömrəli rəydən görünür ki, “Hyundai İ30” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 940 (doqquz yüz qırx) manat, işçilik xidmətləri isə 630 (altı yüz otuz) manat müəyyən olunur. Avtomobilə dəymiş cəmi zərər 1570 (min beş yüz yetmiş) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xüsusi texniki vasitənin nəticəsinə dair 03724 nömrəli qəbzdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:09-da keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,418 promilli olmuşdur. Elektron çıxarışdan görünür ki, Şəxs xx.xx.2013-cü il tarixdə verilmiş AB782423 BC kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə edilmiş xx.xx.2023-cü il tarixli sorğudan görünür ki, Şəxs xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmamış iki uşağı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin birinci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs AzərbaycanRespublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs sərxoş vəziyyətdə, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyi üçün idarəetmə hüququ olmadan “VAZ 2106” minik markalı avtomobili xx.xx.2023-cü il tarixdə, təxminən saat 11:25 radələrində Gəncə şəhəri, Nizami prospektində idarə etdiyi zaman idarəetməni itirərək yolun sağ kənarında dayanmış nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində heç bir şəxsin xəsarət almamasına səbəb olan yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “Hyundai İ30” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi zərər yetirildiyi öz təsdiqini tapmışdır. Hadisə zamanı Şəxs sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyi üçün o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmamış, həmçinin avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də onun əməli düzgün olaraq İXM-in 334.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, ailə vəziyyətini və himayəsində yetkinlik yaşına çatmamış iki uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, eləcə də ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə yanaşı, həmçinin 327.1 və 332.2ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-868/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-868/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver