Məhkəmə qərarları › İş №3(125)-87/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-87/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-87/2023 06.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndələri X6 və Nümayəndə2, şikayətçinin müdafiəçisi Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin rəisi X7 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Qida X1 regional bölməsinin rəisi X4 tərtib etdiyi xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida X2 regional bölməsinin MN ******* nömrəli 26 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında qərarı ilə qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasna, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü madəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə şikayətçi Eldar Əliyevin barəsində 1500 manat məbləğində tənbeh növü tətbiq edilmişdir. O, Azərbaycan Respublikası Qida X2 regional bölməsinin MN ******* №-li 26 dekabr 2022-ci il tarixli İnzibati xəta haqqında iş üzrə qərarından narazıdır, hesab edir ki, qərar qanunsuzdur. İlk növbədə bildirir ki, o, sahibkar deyil və sahibkarlıq fəaliyyətini yaşa görə xx.xx.2021-ci il tarixdə dayandırmış, Gəncə şəhəri, Avşarov küçəsində “Kəpəz – Kolxoz bazarı” adlanan yerdə toxum və dərman preparatları satışı mağazası əvvəllər onun mağazası olmuşdur. O, yaşı ilə əladəqar həmin dükanı Vüsal adlı şəxsə vermiş, hal-hazırda həmin mağazanı Vüsal işlədir, o, isə ara-bir həmin dükana gedir. Mağazada aşkarlanan 2 ədəd “Fully Combi” adlı toz şəkildə 01 kq qablaşdırmada yerləşən preparatları o, şəxsən özünə, şəxsi bağı üçün bazara gələn şəxslərdən almış, həmin prepearatlar mağazada satılması üçün nəzərdə tutulmamışdır. Onun yaşadığı evin həyətində bağ sahəsi var, həmin bağda müxtəlif bitkilər yetişdirir və həmin dərmanları bağı üçün almışdır. Lakin inzibati xəta haqqında qərarda sonuncu tərəfindən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsi göstərilmişdir. Qərardan aydın olmur ki, o, sertifikatlaşdırılmamış malları istehsal etmiş, satmış, işləri yerinə yetirilmiş, yaxud xidmətləri göstərmişdir. Hesab edir ki, qərarda tam hansı əməlin törədilməsi əsaslandırılmamışdır. Zənn edək ki, qərar qəbul edən orqan öz qərarında onun tərəfindən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılmasını nəzərdə tutumuşdur. Lakin inzibati xəta qərarında onun tərəfindən həmin malların satıldığını sübut edən halları təqdim edə bilməmişdir. Əgər o, həmin malı satmaq üçün almışdırsa, qərar qəbul edən səxs bu barədə video və foto görüntüləri qərara əlavə edərdi. Bundan başqa qərar tərtib edilərkən iki nəfər hal şahidi dəvət olunmalı halda dəvət olunmamışdır. Beləliklə onun tərəfindən inzibati xətanın törədilməsində inzibati xəta haqqında qərarda onun təqsiri sübuta yetmir. O, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə xx.xx.2021-ci il tarixədək məşğul olmuş, hazırda onun vergi orqanlarında sahibkar kimi qeydiyyatı yaşa görə dayandırılmışdır. Gəncə şəhəri, Avşarov küçəsində “Kəpəz Kolxoz bazarı” adlanan yerdə toxum və dərman preparatları satışı mağazası əvvəllər sonuncuya aid olmuş, yaşı ila əladəqar həmin dükanı Vüsal adlı şəxsə təhvil vermiş və sahibkar kimi həmin mağaza Vüsalın adına qeydə alınmışdır. Hazırda o, yaşa görə müavinat alır, yaşa görə müavinətlər isə “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olamayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə verilir. Əgər o, sahibkarlıq fəaliyyəti ilə məşğul olsaydı, ona yaşa görə müavinət təyin olunmazdı. Bundan aydın görünür ki, o, inzibati xəta ilə vəzifəli şəxs sayılmır, əlavə olaraq o, İ Qarabağ müharibəsi iştirakçıdır və müharibə veteranı kimi 80 manat prezident təqaüdü alır. Odur ki, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin rəisi X4 tərtib etdiyi xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndəsi X6 bildirmişdir ki, X3 obyektinə mütamadi olaraq monitorinqi o, keçirmişdir. Onların sistemində həmin obyektin sahibi kimi Eldar Əliyev qeyd edilmiş, həmçinin mağazada monitinq aparılaraq nümunələr götürülüb akt tərtib edilərkən Eldar Əliyev şəxsən iştirak etmiş, özünü mağazanın sahibi kimi təqdim edərək aktı imzalamışdır. Bundan başqa inzibati araşdırma aparılarkən Eldar Əliyevin izahatı alınmış və qərar qəbul olunması barədə ona məlumat verilmişdir. Şahid mağazada satıcı kimi fəaliyyət göstərmişdir. Həmçinin onların mağazanın kassa aparatına baxaraq sahibinin kim olduğunu dəqiqləşdirmək, Eldar Əliyevin fəaliyyətinin dayandırıldığını müəyyən etmək imkanları olmamışdır. Mağazada aşkar olunmuş 2 ədəd “Fully Combi” adlı aqrokimyəvi maddə kənarda olmamış, satış üçün nəzərdə tutulmuş vitrində qoyulmuşdur. Odur ki, Eldar Əliyev barəsində inzibati protokol tərtib edilərək qərar qəbul olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndəsi Nümayəndə2 Aytən Alirzayevanın ifadəsindəki xüsusatlarə təsdiq edərək əlavə olaraq bildirmişdir ki, o, şikayətlə qismən razıdır. Belə ki, Eldar Əliyevin törətdiyi inzibati xəta İXM-nin 447.0.4-ci madəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli İXM-nin 288.0.5-ci maddəsi ilə tövsif edilməli idi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, hazırda onun sahibi olduğu mağazanı əvvəllər Eldar Əliyev işlətmiş, o, isə sonuncuya köməklik göstərmişdir. Lakin 2021-ci ildən Eldar Əliyevin sahibkar kimi fəaliyyəti dayandırmış, bundan sonra həmin mağazanı sahibkar kimi o, işlətmişdir. Buna baxmayaraq həmin mağazada Eldar Əliyevə məxsus bəzi əşyalar qaldığı üçün sonuncu arada bir mağazaya gələrək öz əşyalarını götürmüş, həmçinin sonuncunun sahibkar olduğu dövrdə aldığı bəzi malları o, sataraq pullarını qaytarmışdır. AQTA-nın nümayəndələrinin mağazada aşkar etdiyi 2 ədəd “Fully Combi” adlı toz şəkildə aqrokimyəvi maddəni o, satmamış, sadəcə Eldar Əliyev öz bağı üçün alaraq müvəqqəti mağazaya qoymuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və o, 1500 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı məktubdan görünür ki, Türkiyə Respublikasının “Kimya Tarımçılar” şirkətinin istehsalı olan “Fully Combi” pereparatının dövlət qeydiyyatına alınmadığı müəyyən olunmuşdur. İş materiallarında olan fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışdan görünür ki, X5 vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatdığı üçün dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X8 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əmrindən görünür ki, ölkə ərazisində pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satış mərkəzlərində qanunvericiliyə uyğun olaraq, monitorinqlər aparılması məqsədilə aidiyyatı dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qruplarının yaradılması əmr edilmişdir. İş materiallarında olan toxum mağazasının qəbzindən görünür ki, həmin obyektin sahibkarı Şahid Tülfən oğludur (VÖEN:**********). Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İlk növbədə ona görə ki, şikayətə əlavə olunmuş və təqdim edilmiş sənədlərdən 2 ədəd “Fully Combi” adlı preparatların satıldığı mağazanın sahibinin Eldar Əliyev deyil, Şahid olduğu müəyyən edilmişdir. Belə olan halda inzibati xətanı törətmiş subyekt səlahiyyətli orqan tərəfindən düzgün müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İkinci növbədə, törədilmiş inzibati xəta üzrə əməl vəzifəli şəxs tərəfindən düzgün tövsif edilməmişdir. Çünki qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan malları mağazada satan sahibkar deyil, həmin malları ölkəyə gətirən fiziki və ya hüquqi şəxs sərtifikatlaşdırılmalıdır. Bundan başqa hazırkı iş üzrə törədilmiş əməl qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satışı deyil, dövlət qeydiyyatından keçməmiş aqrokimyəvi maddələrin satışıdır ki, bu əməl də İXM-nin 288.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyəti yaradır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi inzibati xəta hesab olunur Həmin Məcəllənin 288.0.5-ci maddəsinə fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması, yəni “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər zəhərli kimyəvi maddələrin istehsalı, satışı, idxalı, ixracı və tətbiqinə yol verilməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Məhkəmə hesab edir ki, vəzifəli şəxs tərəfindən qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X8 barəsində qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X8 barəsində Azərbaycan Respublikası Qida X1 regional bölməsinin rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X1 regional bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar