Məhkəmə qərarları › İş №3(125)-872/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-872/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-872/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 02:20 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində ucadan nalayiq ifadələr işlədərək, xırda quliqanlıq etmiş və polisin tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat saat 02:20 radələrində X4 bir neçə şəxs tərəfindən döyülməsi məzmunlu müraciəti ilə bağlı 4-cü PB-nin əməliyyat qrupu Gəncə şəhəri Cavadxan qəsəbəsinə getmişdir. Hadisə yerində adları sonradan məlum olan X7 ilə Şəxs və X1 uca səslə qışıqraraq biri-birilərinə nalayiq ifadələr işlətmələrini görüb polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Lakin sərxoş vəziyyətdə olan Şəxs və digər iki nəfəri polis əməkdaşları nizamlı olmağa dəvət etsələrdə, həmin şəxslər küçədə nalayiq ifadələr ilə biri-birilərini təhqir edərək vurmağa cəhd edən zaman polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışmışlar. Lakin həmin şəxslər polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərini davam etdirdikləri üçün həmin şəxsləri polis avtomaşınında əyləşdirib sərxoşluq müayinəsindən keçmələri üçün aparmışlar. Lakin həmin şəxslər avtomaşında olan zamanda yol boyu öz hərəkətlərini davam etdirərək nalayiq ifadələrini dayandırmamışlar. Şəxs polis avtomaşınında gedən zaman polisin onu sərxoşluq müayinəsinə aparmasına etiraz edərək polisin də ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs edilən xəbərdarlıqlara baxmayaraq bütün yol boyu nalayiq ifadələrindən əl çəkməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında o, qohumları X8 və X5 ilə birlikdə özünə məxsus kafedə yeyib-içmişlər. Pivə pulunun verilməsi üstündə onların arasında mübahisə yaranmış və bu mübahisə nəticəsində o, Nicatla bir-birlərinə yumruq zərbələri vurmuşlar. Birdən o, polis əməkdaşlarının ora gəldiyini görmüş, polis əməkdaşları onları müraciətlə ağlı bölməyə dəvət etmişlər. Həmin vaxt o, əsəbləşib Nicatın ünvanına nalayiq ifadələr işlətmiş, sonuncu da onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də, onlar öz hərəkətlərinə davam etmişlər. Bundan sonra onları PPX avtomobili ilə bölməyə aparmışlar, həmin vaxt polis əməkdaşları ona fiziki zor tətbiq edərək onu vurmuşlar. Hətta polis bölməsində otaqda o, onu vuran polis əməkdaşına yumruq vurmuşdur. Sonda o, peşman olduğunu, Nicat və Rəşadla barışdığını, heç kəsdən şikayəti olmadığını bildirərək yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 27 aprel 2023-cü il tarixdə saat 03-00-da inzibati qaydada tutulmuş və həmin gün saat 16-50də azad edilmişdir. İş materiallarında olan 969/2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcə alkoqol sərxoşu olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər deməkdir. Həmçinin, həmin Məcəllənin 221.2.2-ci maddısinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə cinayət məsuliyyəti yaranır. İş materiallarına əlavə edilmiş sənədlərlə və inzibati icraat aparılan şəxsin izahatlı ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Şəxs qohumu Nicat Kərimovla ucadan səsküy salıb bir-birlərini yumruqla vurmuşlar. Daha sonra polisə nalayiq sözlər işlətmiş və polisin qanuni tələbinə tabe olmamış, həmçinin Şəxs polis bölməsində polis əməkdaşını yumruqla vurmuşdur. Göründüyü kimi Şəxs Nicat Kərimova zor tətbiq etməklə və ictimai qaydanı qoruyan polis əməkdaşlarına müqavimət göstərməklə xuliqanlıq etmişdir. Belə olan vəziyyətdə, Şəxs əməlində Cinayət Məcəlləsinin 221.1 və 221.2.2-ci maddələrinin əlamətlərinin olduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməllərində cinayət əlamətləri olduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, müvafiq materiallar baxılması üçün Gəncə şəhər prokuroruna göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə toplanmış materiallar araşdırma aparılması üçün Gəncə şəhər prokuroruna göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar