Məhkəmə qərarları › İş №3(125)-873/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-873/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-873/2025 04.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1, 327.8 və 330.0.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin X9i şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-nin X9 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.8 və 330.0.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri BPİ-nin X9 Şöbəsinin polis mayoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:06-da Şəxs “VAZ-2101” minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 327.1, 327.8 və 330.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri BPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Şəxs çıxışında barəsində tərtib olunmuş protokolla razı olduğunu, özünü təqsirli bildiyini və hadisənin istəməyərəkdən baş verdiyini bildirmişdir. O, axşam vaxtı olduğu üçün qarşıdan gələn maşınların işığının gözünə düşdüyünü və bu zaman X2 yolun sol tərəfindən sağ tərəfə keçdiyini görmədiyini və qəza baş verdiyini qeyd etmişdir. O, avtomobildən düşərək ətrafdakı insanların köməyi ilə xanımı avtomobilə qoyub xəstəxanaya aparmış və onun səhhəti üçün atası tərəfindən təxminən 3000 (üç min) manat pul xərclədiyini bildirmişdir. O, sonda Afaq Nəsibovanın əlavə tələb etdiyi pulu ödəməyə imkanı çatmadığını, kirayədə yaşadığını, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırdığını nəzərə çatdırmış və zərərçəkmiş şəxs razı olarsa hissə-hissə ayda 50-100 manat ödəyə biləcəyini deyərək barəsində yüngül inzibatı tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 çıxışında hadisənin 08 noyabr 2024-cü il tarixdə saat 18:06da Sevimli kafenin qarşısında yolu keçərkən baş verdiyini, Şəxs avtomobili çox surətli idarə etdiyini bildirmişdir. O, BPİ-də görüntülərə baxdıqda görmüşdür ki, Şəxs onu avtomobillə vurduqdan sonra təxminən 10-20 metr getmiş və camaatın hadisə yerinə toplaşdığını gördükdən sonra geri qayıtmışdır. O, həmin vaxt huşsuz vəziyyətdə olmuş, xəstəxanada ayılmış, başının ön və arxa tərəfindən tikiş qoyulmuş və 2 gün xəstəxanada ağır vəziyyətdə qalmışdır. Xəstəxana xərclərinin bir qismi ödənilmiş, geridə qalan xərclərin isə sonradan ödəniləcəyinə dair söz verilsə də, ödəniş etməmişdir. O, xəstəxanadan çıxdıqdan sonra öz müalicəsi üçün xeyli xərc çəkdiyini, həmin müddət ərzində işə çıxa bilmədiyini, himayəsində iki azyaşlı uşağının olduğunu və onları tək başına böyütdüyünü bildirərək ona dəymiş maddi və mənəvi zərərə görə 3000-4000 manat pulun ödənilməsini tələb etdiyini və məbləğin hissə-hissə ödənilməsinə razı olmadığını bildirmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs "X6" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1531 saylı rəyindən məlum olur ki, vətəndaş X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər burun sümüyünün yerdəyişməmiş sınığı, alın və sağ təpə nahiyyələrinin yaraları, hər iki göz, sağ bud nahiyyəsinin qançırları-küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın göstərdiyi tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. - xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:06-da baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X1 qısa müddətə pozulmasına səbəb olan yüngül zərər dəymiş və buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.8 və 330.0.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 4568/2024 saylı aktda göstərilmişdir ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. - Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “VAZ-2101” minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, H.Əliyev prospekti hərəkətdə olarkən piyada X3 vurmuş və sxem hal şahidləri tərəfindən imzalanmışdır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.8 və 330.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikası İXM-nin 327.1, 327.8 və 330.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1 və 330.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxdığından, məhkəmə yalnız Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxır. Belə ki, “Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.” Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar: yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “X6” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması; svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə; dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi; birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə; avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsi, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsi, geriyə dönmə, geriyə hərəkət etmə və sürmə təlimi keçmə; yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması – nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “X6” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3-cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini əməlini etiraf etməsini, dəyən ziyanı qismən ödəməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 330.0.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar