Məhkəmə qərarları › İş №3(125)-874/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-874/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-874/2022 31.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(043)- 182/2018 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il tarixdən etibarən azyaşlılar Sevil, Elnarə və Zəhranın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X6 bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(043)-182/2018 saylı icra vərəqəsinin icrası ona tapşırılmışdır. Qeyd olunan icra vərəqəsi üzrə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq, o, borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Borclu qərəzli olaraq öhdəliyin icrasından yayınır. Hazırda borclu Şəxs 1080 (min səksən) manat ödənilməmiş borcu vardır. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X4 bildirdi ki, Zərərçəkmiş şəxs yeni ailə həyatı qurmuşdur. Uşaqlardan ikisi tələbkarın, bir isə onun himayəsindədir. Borclu Şəxs Zərərçəkmiş şəxs yenidən ailə həyatı qurduğundan məlumatlı olduğundan bəri aliment borcunu ödəməyəcəyini bildirmiş və borcundan qərəzli olaraq ödənişlər etməmişdir. Borcunu ödəməyəcəyi təqdirdə Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, aliment borcunu 4 aydır ki, ödəmir. Keçmiş həyat yoldaşı yeni ailə həyatı qurmuşdur. Onun yeni ərinin maddi imkanı normal olduğundan və uşaqları saxlaya biləcəyindən aliment ödəmək niyyətinin olmadığını və işləmədiyi üçün maddi imkanının olmadığını bildirdi. Zərərçəkmiş şəxs uşaqları ona göstəmir, uşaqları ilə münasibəti soyumuşdur. Barəsində inzibati tənbeh verilib verilməməsi məsləsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(043)-182/2018 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il tarixdən etibarən azyaşlılar Sevil, Elnarə və Zəhranın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 02 mart 2018-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 31 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh seçilməlidir. Məhkəmə barəsində icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və protokol tərtib etmiş şəxsin verdiyi izahatı tətqiq edərək bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxs məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınır. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü seçilməli və həbsin əvvəli 31 oktyabr 2022-ci il saat 16:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 31 oktyabr 2022-ci il saat 16:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar