Məhkəmə qərarları › İş №3(125)-878/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-878/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-878/2025 04.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2, zərərçəkmiş şəxs X3 və onun qanuni nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Məmməd-zadə Nuriyə Nizami qızının və müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 2008-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Goranboy rayonu, Dəyirmanlar kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Sevinc qəsəbəsi, 24-cü küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 03 mart 2025-ci il tarixdə X4 məxsus 250 manat dəyərində “Honor X8B” markalı mobil telefonu oğurlayaraq, ona ziyan vurmaqla, xırda talama əməlini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X5 çıxış edərək bildirdi ki, Şəxs 03 mart 2025-ci il tarixdə X4 məxsus 250 manat dəyərində “Honor X8B” markalı mobil telefonu oğurlayaraq, ona ziyan vurmaqla, xırda talama əməlini törətmiş və əməlində cinayət tərkibi olmadığından tərtib edilmiş material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Məmməd-zadə Nuriyə Nizami qızının iştirakı ilə məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sarı ilə birlikdə Elvin adlı tatu ustasının olduğu Tariyel və Ömərin yaşadığı evə gəlmiş və gecəni orada qalmışlar. Amma o, heç kəsin telefonunu oğurlamamışdır. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs məhkəməyə verdiyi ifadəsini müdafiə edərək, sözügedən inzibati xəta Şəxs tərəfindən törədilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 qanuni nümayəndəsi X1 iştirakı ilə məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs Sarı ilə birlikdə onların yaşadığı evə tanışları Elvinin yanına tatu vurdurmaq üçün gəlmiş, daha sonra gec olduğundan orada qalmalı olmuşlar. Səhəri gün isə evdə olan şəxslər oradan getmiş, evdə Oqtay, Ayaz və özü qalmışdır. Həmin vaxta qədər telefon evdə olmuşdur. Bundan sonra Şəxs evdən gedən zaman ona məxsus telefonu oğurlamış, hazırda da qaytarmamış və ona dəymiş zərəri ödəməmişdir. Şəxs polis şöbəsində olan zaman telefonu onun oğurladığını etiraf etmiş, telefonu 195 manata satdığını bildirmişdir. Hazırda Şəxs şikayətçidir. Məhkəmə tərəflərin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsulyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsini İXM-nin 32.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, inzibati xətanın yetkinlik yaşına çatmayan tərəfindən törədilməsini, törətmiş olduğu xətanın xarakterini, hazırkı işin hallarını, həmçinin ilk dəfə xırda talama törətməsini nəzərə alaraq ona ictimai işlər növündə inzibati tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nın 28.3-1-ci maddəsinin tələbinə əsasən Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib bаrəsində 160 (yüz altmış) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərаrın icrаsı yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar