Məhkəmə qərarları › İş №3(125)-88/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-88/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-88/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, ərzaq mağazası sahibi, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 442-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən Şəxs barəsində İXM-in 442-ci maddəsi ilə inzibati xəta törətməsinə dair MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, əməlindən peşmandır. Pirotexniki məhsulların keçən ildən qaldığını bildirərək himayəsində iki uşağının olduğunu nəzərə alınmasını və yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən mağazada istehsalı və satışı qadağan olunmuş protexniki vasitələrin satışı ilə məşğul olmuşdur;. Gəncə şəhər BPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, vətəndaş, Şəxs EKO 201E markalı 1140 ədəd 19 qutu, P20 markalı 1 ədəd, W026A markalı 1 ədəd, P500 markalı 1 ədəd, EK100 markalı 1 ədəd pirotexniki vasitələr götürülmüşdür. İXM-in 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdıraraq, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən aşağıdakı prinsip və müddəaları rəhbər tutur. Belə ki, İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs sonda əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş pirotexniki vasitələr EKO 201E markalı 1140 ədəd 19 qutu, P20 markalı 1 ədəd, W026A markalı 1 ədəd, P500 markalı 1 ədəd, EK100 markalı 1 ədəd müsadirə olunmaqla, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar