Məhkəmə qərarları › İş №3(125)-885/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-885/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-885/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, Yeni Gəncə massivi, ev 17, mənzil 31-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, 3-cü mkr. 16 ünvanında taksi sürücüsü kimi dərman pereparatlarını apararkən küçədə səs-küy salmış, söyüş söymüş, xx.xx.2023-cü il tarixdə isə Gəncə şəhəri Dəyirman dairəsi adlanan ərazidə uca səslə nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirmişdir ki, taksi sürücüsü işləyir. xx.xx.2023-cü il tarixdə bağlama çatdırmaqla bağlı sifariş almış və Gəncə şəhəri, 3-cü mkr. 16 ünvana gəlmişdir. Həmin ünvana çatanda sifariş verilmiş nömrəni yığmış və gəlib bağlamasını götürməsini xahiş etmişdir. Telefonda danışan xanım həmin yerdə olduğunu desə də, o xanımı görməmişdir. Yenidən zəng vurduqdan sonra məlum olmuşdur ki, sifarişi qəbul edən xanım binanın girəcək tərəfindən deyil, digər tərəfində gözləyir. Bağlamanı çatdıranda həmin xanıma onu çöx gözləməli olmasını soruşmuşdur. Bu zaman onların arasında mübahisə yaranmışdır. Həmin vaxt xanım polis olduğunu bildirərək onu hədələmişdir. Orada olan digər bir şəxs isə maşının qapısını açaraq onu yerə düşürtməyə çalışmışdır. Orada olan şəxslərin onu döyəcəyindən qorxduğu üçün maşını sürətlə sürərək oradan uzaqlaşmışlar. xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Dəyirman dairəsi deyilən yerdə dayandığı zaman bir nəfər onun maşınına minmiş və onu polis idarəsinə aparmağı xahiş etmişdir. Yolda həmin şəxs polis işçisi olduğunu və barəsində şikayət olduğunu bildirmişdir. Polis idarəsində xx.xx.2023-cü il tarixdə mübahisə etdiyi xanımla qarşılaşmış, xanım ondan şikayətçi olduğunu demiş, o isə xanımdan üzr istəmişdir. O, heç bir inzibati xəta törətməmişdir. Əksinə onu təhqir etmişlər. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ QMŞ-nın inspektoru vəzifəsində işləyir. Şəxs tanımır. xx.xx.2023-cü il tarixdə rəfiqəsi taksi ilə ona bağlama göndərmişdir. Bir az keçdikdən sonra taksi sürücüsü ona “vızıv” atmış, o geriyə yığaraq zəng edəndə sürücü ünvana çatdığını bildirmişdir. O, düşüb həyətdə gözləyəndə, taksi avtomobilini görmədiyini bildirmişdir. Sürücü isə avtomobilin işığını yandırıb-söndürdüyü qeyd etmişdir. Həmin vaxt orada dayanmış avtomobillərdən biri işığını yandırıb-söndürdüyü üçün, sürücüyə onu gördüyünü və avtomobili qabağa sürməsini xahiş etmişdir. Sürücü isə onu görmədiyini qeyd etmişdir. O, yenidən sürücüyə məktəbin qarşısında dayandığını bildirdikdən sonra sürücü oraya gəlmiş və avtomobildən düşərək onu çöx gözləyəcəyini bildirməklə kobud sözlərlə təhqir etmişdir. O, sürücüyə qarşısındakı xanımın polis işçisi olduğunu bildirib nəzakətli olmağını xahiş etsə də, sürücü daha da, aqresivləşib qazi olduğunu, onlar üçün döyüldüyünü qeyd edərək onu təhqir etməkdə davam etmişdir. Həmin vaxtı səs-küyə həyətdə olan qonşular yığılmışlar. Qonşular da, sürücüyə etirazlarını bildirəndə sürücü sürətlə avtomobili onların üzərinə sürmüş və oradan uzaqlaşmışdır. Hətta marketdən iki azyaşlı uşağı ilə birlikdə qayıdan qonşusunun uşaqlarının həyatını da təhlükəyə atmışdır. Sonradan öyrənmişdir ki, həmin sürücü Şəxsdur. Şəxs şikayətçidir. Məhkəmədən inzibati xəta törətmiş şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, Məmmədova Nigarla eyni binada 4-cü mərtəbədə yaşayır. xx.xx.2023-cü il tarixdə təxminən axşam saat 7-8 radələrində evdə olanda küçədə səs-küy eşitmişdir. Balkondan baxanda aşağıda həyətdəki tut ağacının yanında taksi sürücüsünün avtomobildə əyləşib Nigarı təhqir etdiyini görmüşdür. Nigar isə sürücüyə sabah görüşərik demişdir. O, aşağı düşmüş, aşağı düşənə qədər taksi sürücüsü avtomobili sürətlə sürərək oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 qızı verdiyi ifadəsində göstərmişdir ki, Məmmədova Nigarla eyni binada 1-ci blokda 3–cü mərtəbədə yaşayır. xx.xx.2023-cü il tarixdə təxminən axşam saat 7-8 radələrində evdə olanda küçədə səs-küy eşitmişdir. Pəncərədən baxanda aşağıda həyətdə taksi sürücüsünün avtomobildə əyləşib Nigarı təhqir etdiyini görmüşdür. Nigar isə sürücüyə demişdir ki, siz heç bilirsiniz kiminlə danışırsınız. Sürücü isə həmin vaxtı qazi olduğunu bildirərək xanımı söyüb təhqir etmiş və avtomobili azyaşlı uşaqların üzərinə sürmüşdür. O, aşağı düşmüş, aşağı düşənə qədər taksi sürücüsü oradan uzaqlaşmışdır. O düşəndə küçədə olan adamlar da getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, 3-cü mkr. 16 ünvanında Məmmədova Nigarla eyni binada 2-ci mərtəbədə yaşayır. xx.xx.2023-cü il tarixdə işdən gəlmişdir. Təxminən axşam saat 7-8 radələrində evdə olanda küçədə səs-küy eşitmişdir. Balkondan baxanda aşağıda həyətdə taksi sürücüsünün avtomobildə əyləşib Nigarı təhqir etdiyini görmüşdür. Nigar isə sürücüyə cavab vermişdir. O, balkondan qışqıraraq sürücüyə söyüş söyməməsini bildirmişdir. O, aşağı düşmüş, aşağı düşənə qədər taksi sürücüsü oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, 2-ci polis şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Barəsində şikayət olduğundan xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Gəncə şəhəri Dəyirman dairəsi deyilən yerdə dayanmış Şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis bölməsinə dəvət etmişlər. Şəxs həmin vaxt əsəbiləşərək ünvansız söyüşlər söyməyə başlamışdır. Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu onların tələblərinə əhəmiyyət verməyərək hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ QMŞ-nın inspektoru, polis leytenantı Nigar Məmmədova tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, tanışı ona “Maksim” taksi şirkətindən dərman perepatları göndərmişdir. Adı ona sonradan məlum olan taksi sürücüsü Şəxs onun dayandığı yerə gələrək ona “vızıv” atmış, o isə, geriyə zəng vuranda sürücü ünvana çatdığını bildirmişdir. O, düşüb həyətdə gözləyəndə sürücüyə bildirmişdir ki, səhv tərəfdə gözləyir. Taksi sürücüsü onun dayandığı yerə gələndə idarə etdiyi “Opel-Astra” **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən düşərək yüksək səslə nalayiq ifadələr işlətmiş və onu döyəcəyini, öldürəyəcəyini bildirmişdir. Həmin vaxt səs-küyə qonşular müdaxilə etmişlər. Sürücü əsəbi halda avtomobilə əyləşərək qəsdən onun və qonşuların üzərinə sürmüşdür. İş materiallarında olan 2-ci PŞ-nin CAB-ın əməliyyat müvvəkili polis baş leytenantı Sirac Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Gəncə şəhəri Dəyirman dairəsi deyilən ərazidə barəsində şikayət olduğu üçün Şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxs nalayiq söyüşlər söyməyə başlamışdır. İctimai yer olduğunu, hərəkətlərə son qoymağı tələb etsələr də, Şəxs onların tələblərinə qəsdən tabe olmamış, səs-küy salıb ətrafdakıların nəzərini cəlb etməyə başlamışdır. Dəfələrlə onu nizam-intizama dəvət etməklərinə baxmayaraq qanuni tələblərinə qəsdən tabe olmamış, əksinə ünvansız söyüşlər söyməyə davam etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi ilə bağlı qeyd edir ki, Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağını təsdiqləyəcək kifayət qədər və yetərli sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi ilə bağlı təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona İXM-nin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində tərtib edilmiş inzibati protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan hissəsinə xitam verilsin. İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və 14 (on dörd) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 aprel 2023-cü il tarixdən saat 11:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar