Məhkəmə qərarları › İş №3(125)-886/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-886/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-886/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Şöbəsinin İTB-in polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 4cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Şöbəsinin İTB-in polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs yaşadığı küçədə və həyətdə nalayiq sözlər işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X3 ərizə ilə müraciət Şəxs yaşadığı küçədə və həyətdə nalayiq sözlər işlətdiyini qeyd etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs qardaşı Məcidlə dalaşdıqdan sonra küçədə və yaşadığı evin həyətində nalayiq sözlər işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Bununla da Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsini etiraf edərək göstərmişdir ki, xx.xx.2023cü il tarixdə qardaşı Məcidlə aralarında mübahisə olmuşdur. Belə ki, Məcid onun üzərinə hücum etmişdir. O isə özünü müdafiə etmək üçün söyüş söymüşdür. Etdiyi hərəkətə görə qonşularından üzr istəmişdir. Əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs qardaşı Məcidlə dalaşmış, yaşadığı küçədə və həyətdə nalayiq sözlər işlətmişdir. Şəxs hərəkətləri dözülməz həddə çatdığı üçün o, ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Şəxs şikayətçidir. Məhkəmədən qanuni qərar qəul edilməsini xahiş etmişdir. Şəxs ona istinad olunan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı işdə olan yazılı izahatlarla da tam təsdiq edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar