Məhkəmə qərarları › İş №3(125)-898/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-898/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-898/2023 04.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2552/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 65400 manat və 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunma barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, o, icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Elektron icra portalından edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Bundan sonra borclu axtarış vasitəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmiş və borcunun ödənilməsi tələb olunmuşdur. Lakin borclu icraat dövründə qismən ödəniş etmiş və pulu olmadığını əsas gətirərək borcunu tam şəkildə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsaəsn Şəxs Azərbaycan Respubliaksı İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, 65400 manat borcundan təxminən 5000 manata yaxın ödəniş etmiş, həmçinin aylıq olaraq onun pensiyasından tutulmalar həyata keçirilir. O, qohumuna məxsus torpaq sahəsini Zərərçəkmiş şəxs təklif etmiş, həmçinin həmin torpaq sahəsini satışa çıxarmış, əgər satılarsa borcundan müəyyən məbləğdə ödəniş edəcəkdir. Sonda o, icra sənədinin icrasından yayınmaqdığını, hər ay ödənişlər etdiyini bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, borcunu hissə-hissə deyil tam olaraq ödənilməsini tələb edir, bu günə kimi ona təxminən 4000 manat ödəniş olduğunu bildirmişdir. O, borcun hissə-hissə ödənilməsinə razı deyil, çünki hər ay ***-**** manat ödənişlə borcun ödənilməsi uzun illər çəkəcəkdir. Həmçinin o, təklif olunan torpaq saəsini istəmir, çünki həmin torpaq sahəsi Şəmkirin kəndində və ona lazım olmayan yerdə yerləşir. Sonda o, Şəxs inzibati qaydada həbs edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 24 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2552/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində könüllü icra edlməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - elektron sorğulardan görünür ki, Şəxs heç bir əmanəti, əmlakı müəyyən edilməmiş və 327.22 manat yaşa görə pensiya aldığı müəyyən edilmişdir. - borclu Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, o, birdəfələlik ödəniş edə bilmədiyini və aprel ayından başlayaraq pensiyanın 50%-i tutularaq tələbkarın hesabına köçürüldüyünü bildirmişdir. - xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli qəbzlərdən görününr ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına ümumilikdə 4000 (dörd min) manat məbləğində pul köçürülmüşdür. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-898/2023 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat inzibati cərimə edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-390/2023 nömrəli qərarından görünür ki, Şəxs şikayəti qismən təmin edilərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-898/2023 nömrəli qərarı ləğv edilərək yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılması qət edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs pulu olmadığını əsas gətirərək, borcunun az bir hissəsini hər ay hissə-hissə ödəməklə icra sənədi üzrə tələbi icra etməsi görüntüsünü yaratmağa çalışır. Halbuki o, qohumuna məxsus, təklif etdiyi torpaq sahəsini öz adına keçirərək tələbin həmin əmlaka yönəldilməsinə şərait yarada və ya həmin torpaq sahəsini sataraq borcunu ödəyə bilərdi. O, sadəcə üzrsüz səbəbdən icra sənədindəki tələbin icrasından yayınaraq icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yəni 65 yaşına çatmasını, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar