Məhkəmə qərarları › İş №3(125)-9/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-9/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-9/2025 22.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinin nümayəndəsi polis baş leytenantı X5 və inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş xx.xx.2024cü il tarixli, 5/1-2071 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş Gəncə şəhər BPİ-nin X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 5/1-2071 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞnin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və yenidən baxılması üçün Gəncə şəhər BPİ-nin DYPŞnə icra edilməsi üçün göndərilmişdir. Həmin qərarın qəbul edildiyi vaxtdan 40 gündən artıq zaman keçməsinə baxmayaraq Gəncə şəhər DYPŞ həmin qərarı icra etməmiş və ona cərimə, dəbbə pulu tətbiq edilmiş və idarə etdiyi **-TN-*** dövlət qeydiyyat nişanlı “Mini Cooper” markalı avtomobilin saxlanılması haqqında sərəncam verilmişdir. Dəfələrlə yuxarı instansiyalara müraciət edəndən sonra Gəncə şəhər DYPİ heç bir yeni sübuta, dəlilə və fakta istinad etmədən və işə yenidən baxılması zamanı onun iştirakını təmin etmədən, xx.xx.2024-cü il tarixli, № 5/1-2071 nömrəli qərar qəbul etmişdir. Bununla da faktiki olaraq hüquqi qüvvəyə minmiş yuxarıda göstərilən məhkəmə qərarı icra edilməsinin əvəzinə, ləğv edilmiş qərarı bərpa edilmişdir. Halbuki, Gəncə Şəhər Məhkəməsinin çıxardığı qərara görə Gəncə şəhər DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarını ləğv etməli, barəsində olan bütün sərəncamları sistemdən silib, işə yenidən baxmalı idi. Ona görə də barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 5/1-2071 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, o, heç bir inzibati xəta törətməmişdir. Belə ki, həmin yol hadisəsini araşdıran Gəncə şəhər X10 idarəsinin baş inspektoru Azər Kərimli tərəfindən ciddi nöqsanlara yol verilmişdir. Tərtib edilmiş protokoldakı hadisə yerinin sxemindən aydın görünür ki, o, Cavadxan küçəsi ilə Ozan küçəsinin kəsişməsinə (dörd yola) yaxın məsafədə qəflətən sağdan sola dönərək, küçənin ortası ilə hərəkət edən “Ford Transit” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış və bu səbəbdən də həmin avtomobil onun idarə etdiyi **-TN-*** nömrəli “Mini Cooper” avtomobilini vurmuşdur. İlkin məhkəmə iclasında da hakim Liza Xanməmmədova bu hala istinad edərək, onun günahı olduğu qənaətə gəlmişdir. Lakin Cavadxan küçəsinin hadisə baş verən hissəsində belə vəziyyətin baş verməsi qeyri-mümkündür. Belə ki, həmin küçə boyu Gəncə Şəhər Məhkəməsi, 2 saylı Mediasiya xidməti, Alimlər evi, Ruhi əsəb dispanseri, Narkoloji dispanser, çox saylı vəkil ofisləri, çayçı, şirniyyat evi və digər obyektlər yerləşdiyindən həmin ərazi yaşayış massivi olduğundan, küçənin Gəncə Şəhər Məhkəməsinin yerləşdiyi hissəsindən hadisə baş verən dörd yola qədər olan hissəsində, daima sağ və sol tərəfində minik avtomobilləri saxlanılır. Apardığı müşahidə göstərmişdir ki, həm iş vaxtı, həm də işdən sonra küçənin həmin hissəsinin sağ və sol tərəfləri boş olmur. Bunun nəticəsində buradan hərəkət edən avtomobillər məcburən küçənin ortası ilə, ancaq bir cərgə ilə hərəkət edə bilir. Bu isə hərəkətdə olan avtmobillərin nə sağ, nə də sol tərəfilə hərəkət etməsini mümkünsüz edir. Bundan əlavə hadisə baş verən dörd yola 15-20 metr qalmış məsafədə yolun sağ tərəfində iş gününün sonuna yaxın daima su maşını dayanır. Sol tərəfdə isə burada yaşayan sakinlər öz minik avtomobillərini saxlayırlar. Onun 40 ilə yaxın avtomobil idarəetmə təcrübəsi var və bu vaxt ərzində bir dəfə də olsa onun tərəfindən ciddi yolnəqliyyat hadisəsi baş verməmişdir. Lakin belə vəzyyətdə ən naşı sürücü belə heç vaxt sola dönmək istərkən, döngəyə az bir məsafə qalmış sola dönmək üçün yolun sağına keçib yenidən sola dönməz. Digər bir məqam, yolun sağ tərəfindən sola dönəndə istəristəməz onu vuran avtomobil ortasından vurmalıdır. Ancaq ona məxsus “Mini Cooper” avtomobilinin məhkəməyə təqdim edilən şəkillərindən açıq-aydın görünür ki, “Ford Transit” onun avtomobilinin sol tərəfinin arxa küncündən, 40-50 dərəcə bucaq altından vurmuşdur. Vurulan avtomobilin sürtünmə məsafəsinin isə istiqaməti qabaq tərəfə doğru cızılmışdır. Ancaq sxemdə göstərildiyi kimi vurulmuş olsaydı, heç vaxt cızılma qabağa doğru ola bilməzdi. Heç su maşını və digər avtomobillər olmasa belə, hadisə baş verən Cavadxan küçəsinin məhkəmədən hadisə baş verən dörd yola qədər istər iş vaxtı, işdən sonra sol və sağ tərəf minik avtomobilləri ilə dolu olur. Odur ki, dayanan avtomobillərin arası ilə cəmi bir cərgə hərəkət zolağı yaranır. Onun evinə gedən yol hadisə baş verən dörd yoldan keçdiyinə görə, istər-istəməz instiktiv şəkildə, sola dönmə işarəsi siqnalını yandırıb, yolun mümkün qədər solunu tutmuşdur. Onun avtomobilinin sol arxa qanadının sol arxa hissəsindən vurulması da bu halı sübut edir. Daha bir vacib məqam ondan ibarətdir, DYPnin inspektoru öz vəzifə borcuna səhlənkar yanaşaraq, tormoz məsafəsini də qeyd etməmişdir. Heç hadisə yerinin düz-əməlli şəkillərini də çəkməmişdir. Yoxsa, niyə o, öz çəkdiyi şəkillərlə yanaşı Xalq sığorta şirkətinin hadisə yerinə gələn inspektoru Musaqulovun şəkillərində istifadə etmişdir. Hadisənin baş vermə səbəbi isə Fordun sürücüsünün səhlənkarlığıdır. Hadisə baş verən dörd yolda, yəni Ozan küçəsinə giriş dar küçədir və bir avtomobil ancaq yerləşir. Cavadxandan gəlib sola dönəndə hər kəs özündən asılı olmayaraq ayağını əyləcə basıb sürəti azaldaraq dönməlidir. Ayaq da əyləcə toxunanda arxa STOP işıqları yanır. Odur ki, belə qənaətə gəlmək olar ki, bu zaman arxa ilə gələn “Ford Tranzit”-in sürücüsü ya telefonla danışırmış, ya da səki ilə gedən insanları seyr edirmiş. Adətən belə ağır hadisə baş verən zaman əyləc basılanda, güclü tormoz səsi eşidilir. Bu baş vermədi və Ford ancaq onun avtomobilini vurduğuna görə dayandı. Bu da digər bir qayda pozuntusundan, lazımi məsafə saxlanılmamasından xəbər verir. Qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, № 5/1-2071 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Gəncə şəhər DYPŞ-nin nümayəndəsi polis baş leytenantı X3 şəhər DYPŞ tərəfindən qəbul edilmiş qərarın tam qanuni və əsaslı olduğunu bildirdi və X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsini, xx.xx.2024-cü il tarixli, 5/1-2071 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, şahidin izahatını tədqiq edərək, DVD diskə və foto şəkillərə baxış keçirərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 5/1-2071 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) inzibati xətanın törədilməsi qeyd olunsa da, məhkəmə iclasında qeyd edilən inzibati xətanın törədilmədiyi müəyyən edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsində qeyd edilir: İ. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İİİ. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsində qeyd edilir: İ. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İİİ. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsində qeyd edilir: İ. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. İİ. Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. İİİ. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. İV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. V. Ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində — piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. Vİ. Yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır. Vİİ. Qarşılıqlı keçmə çətinləşən hallarda — hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. 1.13 və 1.14nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında sürücü yol hərəkət qaydasını pozmadığını, avtomobili birtərəfli yolda aşağı sürətlə idarə etdiyini, sola dönmək üçün xarici işıq siqnalını yandırıb sola dönmək istəyərkən arxadan eyni istiqamətdə hərəkətdə olan “Ford Transit” markalı avtomobilin ara məsafəsi saxlamadığdan onun idarə etdiyi nəqliyyat vasitəsini vurduğunu bildirmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi X4 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən digər nəqliyyat vasitəsini idarə edən sürücünün ifadəsi əsas sübut növü kimi qəbul edilmişdir. Belə olan halda məhkəmə Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan maddələrinə və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, birtərəfli yolda nəqliyyat vasitəsini idarə edən X2 əməlində İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) olması öz təsdiqini tapmır. Yəni Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin İİİ bəndinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər BPİ-nin X12 Şöbəsinin üzərinə qoyulsa da, həmin orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) törətməsini təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Gəncə şəhər BPİ-nin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 5/1-2071 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində Gəncə şəhər BPİ-nin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 5/1-2071 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X4 barəsində Gəncə şəhər BPİ-nin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, 5/1-2071 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar