Məhkəmə qərarları › İş №3(125)-907/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-907/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-907/2025 04.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (ünvan: AZ2017, Gəncə şəhəri, İ.Talıblı ev 178; VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilatı işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X4 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 fevral 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, "xxxx" MMC tərəfindən 19000 avro məbləğində vəsait bank vasitəsilə 19 yanvar 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 19000 avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 20 yanvar 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da hüquqi şəxs tərəfindən İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatəti daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 çıxışında bildirmişdir ki, **********7195 saylı gömrük bəyannaməsində göstərilən mallar ölkəyə idxal olunmuşdur. O, bununla bağlı sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarını və əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 17 fevral 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolla İXM-nin 430.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 04 aprel 2025-ci il tarixli Mərkəzi Bankın nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2023-cü il tarixli, 19000 avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Açıqda qalan məbləğ yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”nın (Azərbaycan Respublikası Konvensiyaya 01 fevral 2016-cı il tarixli 116-VQ nömrəli Qanunla qoşulmuşdur) 29-cu maddəsinə əsasən müqavilə tərəflərin adi razılaşması ilə dəyişdirilə və ya ona xitam verilə bilər. Konvensiyanın 25-ci maddəsinə əsasən müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə məhrum olması kimi zərərlə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Mülki dövriyyənin iştirakçıları mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Avans kimi ödənilmiş və geri qayıtmamış məbləğ müqavilə tərəflərinin sərbəst şəkildə, beynəlxalq hüququn və milli qanunvericiliyin hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olaraq müəyyən etdiyi şərtin yerinə yetirilməsinə sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqazidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqazidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Hazırki iş üzrə iş materiallarına əlavə edilmiş sənədlərdən Şəxs MMC tərəfindən ödənilmiş 19000 avro məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkə ərazisinə idxal edilməsi aydın olur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilə bilməz və inzibati xəta haqqında protokolda göstərilən, yəni ona istinad olunan əmələ görə təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə inzibati xəta haqqında bütün sübutları hərtərəfli, obyektiv və tam şəkildə tədqiq edərək, o cümlədən qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 111-112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 fevral 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar