Məhkəmə qərarları › İş №3(125)-908/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-908/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-908/2022 14.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X1, Quliyeva Günay Ələstun qızının katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 xx.xx.2022-ci il tarixli, EQ 11835422 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, EQ 11835422 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edib, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətçi məhkəmədə ərizəsini onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami prospekti, avtovağzalın (köhnə) qarşısı xx.xx.2022 tarixdə idarə etdiyi avtomobilə (DQN **- EG-***) xüsusi texniki vasitənin köməyi ilə İXM 327.4 maddəsi ilə (elektron qərar) cərimə tədbiq edilmişdir. Onu qeydiyyata alan texniki vasitə təhlükəsiz şəhər stansiyasıdır və həmin stansiyada kameralar yalnız müşahidə aparmaq və ümumi olaraq şəhərin təhlükəsizliyini təmin edilməsi üçün nəzərdə tutulmuş, avtomat rejimində inzibati xəta qeydə almaq funksiyasına malik deyil. Hesab edir ki, ona tədbiq olunan elektron qərar müşahidə kamerasının müşahidə monitorundan əldə olunan məlumat əsasında tədbiq olunmuş, buda qanunsuzdur. Belə ki, inzibati protokolun tərtib olunması pozuntularla həyata keçirilmişdir. İXM 81.1 və 81.2-ci maddələri, həmçinin İXM 99.1.1-ci maddəsi və İXM "00.1.8 maddəsi açıq şəkildə göstərirki xüsusi texniki vasitə sertifikatdan keçməli, onun təyinatı açıq şəkildə göstərilməlidi müşahidə kameraları sertifikatlaşma təyinatı yalnız müşahidə aparmaqdır cərimə yazmaq deyildir. Sonda o, şikayətinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati protokolu tərtib etmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, EQ 11835422 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, X3 İXM-nin 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki şikayətçi X2 inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, onun təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, EQ 11835422 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, inzibati xətanı F504473A5CDB9800 nömrəli kamera qeydə almışdır. Azərbaycan Respublikasının İXM-nin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə ıstıtadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469,3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. İş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11835422 nömrəli qərarından F504473A5CDB9800 nömrəli kameranın müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunub-olunmamasını, həmin kameranın müvafiq sertifikatının olub-olmamasını və metroloji sinaqdan keçib-keçməməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə araşdırması zamanı yaranmış zərurətlə əlaqədar olaraq bu barədə məhkəməyə ətraflı əsaslandırılmış məlumat verilməsi üçün Daxili İşlər Nazirliyi Gəncə şəhər Dövlət yol polisi şöbəsinə müvafiq sorğu verilmiş, sorğunun çatmasından 1 aya yaxın müddət keçməsinə baxmayaraq məhkəmənin sorğusuna aidiyyəti üzrə cavab verilməmişdir. (belə ki, iş materiallarına əlavə olunmuş məktubun surətindən görünür ki, sorğu xx.xx.2022-ci il tarixdə Gəncə ŞBPİ-nin DYPŞ-nin nümayəndəsi tərəfindən qəbul edilmişdir.) Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Hazırkı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, həmin qərar İXM-in tələblərinə tam olaraq cavab vermir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin haqlı suallarına aydınlıq gətirilməsi üçün bu barədə Gəncə ŞBPİ-nin DYPŞ-yə müvafiq sorğu verilmiş və eyni zamanda DİN BDYPİ-nin nümayəndəsi dəfələrlə məhkəmə iclasına dəvət olunmuşdur. Lakin sorğuya cavab verilməmiş və məhkəmə iclasında da onların nümayəndəsinin iştirakı təmin edilməmişdir. Tərəfin bu mövqeyi məhkəmə də belə bir inam yaradır ki, F504473A5CDB9800 nömrəli kamera müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmamış, kameranın müvafiq sertifikatı yoxdur və metrolojı sınaqdan keçməmişdir. Belə ki, qeyd olunan halları Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11835422 nömrəli qərarı ilə müəyyən etmək mümkün deyil və Gəncə ŞBPİ-nin DYPŞ qeyd olunan hallarla bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11835422 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X3 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11835422 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar