Məhkəmə qərarları › İş №3(125)-91/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-91/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-91/2025 06.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X6, zərərçəkmiş şəxs X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X2 baş və boyun nahiyəsindən vuraraq döymüş və bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə Şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X12 çıxışında protokolu qərar əsasında tərtib etdiyini bildirərək X7 yaşadığı evdə qayınatası ilə aralarında yaranmış mübahisə zamanı qayınatası tərəfindən döyüldüyü barədə DİN 102 zəng xidməti mərkəzinə müraciət etdiyini və məsələ ilə bağlı Təhqiqat Bölməsində araşdırma aparıldığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilən şəxs Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə nəvəsi ona zəng edərək atası ilə anası arasında mübahisə olduğunu bildirmiş, o, da həyat yoldaşı Şahilə Əliyeva ilə birlikdə qızıgilə getmişdir. Həmin vaxt kürəkəni Elmar evdə olmamışdır. O, Elmarın qohumu Əjdərə zəng edib qızının ailədaxili münaqişəsini yoluna qoymaq üçün məsləhətləşmək istəmişdir. Əjdər isə yas yerində olduğunu bildirmişdir. Təxminən 1 saat sonra Elmar evə gəlmiş və ona nə üçün ailə mübahisəsini qohumu Əjdərə söylədiyini ona irad tutmuşdur. Buna görə aralarında sözlü mübahisə başlamışdır. Mübahisə zamanı ilkin olaraq Elmar ona qarşı nalayiq ifadələr işlətmiş, o, da Elmara qarşı öz iradını bildirmişdir. Elmar onun üzərinə gələrkən evdə olan qadınlar araya girdiyindən o, çıxıb həyətdə avtomobildə oturmuşdur. Təxminən 10 dəqiqə sonra yoldaşı Şahilə Əliyeva evdən çıxmış və onlar birlikdə evlərinə qayıtmışlar. İfadəsinin sonunda o, kürəkəni Elmar Bayramovu vurmadığını və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 çıxışında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında yoldaşı Nərgizlə anası Nəsibə arasında sözlü mübahisələr yarandığından evdən çıxıb getmişdir. Sonradan bilmişdir ki, mübahisə barədə qızı babası Əliyə məlumat vermişdir. Ona bibisi oğlu zəng vuraraq qayınatasının onlara gəldiyini və evdə nə kimi probleminin olduğunu soruşmuşdur. Daha sonra anası zəng edərək qayınatası ilə qayınanasının onlara gəlməsini və qayınatası Əlinin onunla söhbət etmək istəməsini bildirmişdir. O, da dərhal evə gəlmiş və söhbət əssnasında qayınatası Əli səsinin tonunu qaldırmış və bundan sonra o, qaynatasına niyə bibisi oğluna evdə olan mübahisəni dediyini irad tutmuşdur. Şəxs ona azyaşlı uşaqların yanında nalayiq ifadələr söyləmiş, sözlə ölümlə hədələmişdir. O, da əsəbləşərək Şəxs evdən qovmuş və daha sonra həyətdə mübahisələri davam etmişdir. Bu zaman Şəxs əsəbləşərək onun üzərinə hücum çəkərək onun baş nahiyəsinə əl zərbələri vurmağa başlamış, həyətdə olan taxta stulu üzərinə atmış və nəticədə boyun nahiyəsi cızılmışdır. İfadəsinin sonunda mübahisə nəticəsində ailəsinin dağıldığını, barışmaq niyyətinin olmadığını bildirərək ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında hadisənin şahidi olmuş X4 ilə telefonla əlaqə yaradılmış və onun şahid qismində ifadəsinin alınmasına cəhd edilmiş, lakin o, xəstə olduğundan danışa bilmədiyini demişdir. Məhkəmə iclasında X8 ilə telefonla əlaqə yaradılaraq şahid qismində dindirilmişdir. O, işdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini və Şəxs onun atası olduğunu qeyd edərək atası Şəxs əri Elmar Bayramovu vurmadığını, ərinin məhkəməyə düzgün ifadə vermədiyini bildirmişdir. İfadəsinin sonunda qeyd etmişdir ki, atası ilə əri arasında sadəcə sözlü mübahisə olmuşdur. Əri atasını nəlayiq ifadələrdə təhqir etmiş, bundan sonra atası Əli və anası evdən çıxıb getmişlər. Məhkəmə iclasında X9 ilə telefonla əlaqə yaradılmış və şahid qismində ifadə verərək bildirmişdir ki, Şəxs onun əridir. O, bildirmişdir ki, qızı ilə kürəkəni arasında mübahisə olduğundan əri ilə qızının evinə getmişlər. Həmin vaxt kürəkəni Elmar evdə olmamışdır. Sonradan kürəkəni evə gəlmiş və o, aqressiv halda Şəxs nəlayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra onlar arasında sözlü mübahisə başlamış, lakin əri Şəxs Elmar Bayramovu vurmamış, əksinə Şəxs evdən çıxıb getmişdir. O, ifadəsinin sonunda təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Odur ki, X3 Gəncə şəhər 1-ci X10 Bölməsində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Elmar Bayramovun DİN-nin 102 xidmətinə etmiş olduğu müraciətlə tanış olmuşdur. Həmin müraciətlə bağlı qeyd edir ki, Elmar Bayramov onun kürəkənidir. Elmar Bayramovun barəsində şikayət etdiyi Şəxs isə onun yoldaşıdır. X1 arasında heç bir mübahisə baş verməmişdir. X17 anası Nəsibə arasında mütəmadi olaraq sözlü mübahisələr baş vermişdir. Sonuncu dəfə də nəvəsi ona zəng edərək Nərgizlə Nəsibə arasında sözlü mübahisə olmasını bildirmişdir. O da yoldaşı Şəxsla birlikdə həmin evə getmişdir. Həmin evdə olarkən ilkin olaraq o və yoldaşı Elmarın evinə daxil olarkən Elmar evdən çıxaraq getmişdir. Əli də Elmarla söhbət etmək istədiyini demişdir. Bundan sonra Elmar evə gəlmişdir. Elmar evə daxil olan kimi yoldaşı Əlinin nə üçün onun ailə mübahisəsinin qohumlarına söyləməyini bildirmişdir. Bu zəmində mübahisə başlamışdır. Mübahisə zamanı ilkin olaraq Elmar Şəxs qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman yoldaşı Əli də Elmara qarşı öz iradını bildirmişdir. Mübahisə zamanı Elmar yoldaşı Əlinin üzərinə gəlmişdir. Bu zaman o və Elmarın anası Nəsibə xanım onları aralamışdılar. Mübahisə zamanı yoldaşı Elmardan DİN-in 102 xidmətinə müraciət etmək istəmiş, lakin onlar qoymamışdılar. Bundan sonra o, və yoldaşı evdən çıxaraq oradan uzaqlaşmışdılar. Şəxs Elmar Bayramovu vurmamışdır, ona heç bir xəsarət yetirməmişdir. Əksinə olaraq Elmar Bayramov yoldaşı Əlinin üzərinə hücum çəkmiş, lakin onlar araladığı üçün heç kim bir-birini vurmamışdır. Mübahisə xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində X11 küçəsində yerləşən evində olmuşdur. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Elmar Bayramov tamamilə şər böhtan atır, Əli onun üzərinə taxta stul və ya dəmir parçası atmamışdır. Elmarın evinin sənədləri Şəxs deyil. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1606 nömrəli rəyindən görünür ki, X2 bədənində aşkar edilmiş xəsarət – boyun nahiyəsinin sıyrığı - küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 02 dekabr 2024-cü il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlardan, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və iş üzrə şahidlərin ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə onunla X7 ilə arasında mübahisə olmuş, həmin vaxt o, Elmar Bayramovu döyməmiş, ona qəsdən fiziki ağrı yetirməmişdir. Məhkəmə iş üzrə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1606 saylı rəyini mötəbər sübut kimi qəbul etmir. Belə ki, işdəki digər sübutlarla (şahid ifadələri) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs Elmar Bayramovu döyməsi öz təsdiqini tapmamış, yalnız Elmar Bayramovun verdiyi məlumat əsasında rəy verilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanının (vəzifələri şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşdəki mötəbər sübutlarla xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs Elmar Bayramovu döyməsi öz təsdiqini tapmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qanuna görə belə sübutları məhkəməyə təqdim etmək vəzifəsi isə bu icraatı başlamış şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110- 118 və 128-133-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar