Məhkəmə qərarları › İş №3(125)-917/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-917/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-917/2023 08.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18-55-də (055) ***-**-** mobil nömrəli telefonla “102” xidmətinə zəng edərək polis əməkdaşlarının və DİN-nin rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18-55-də (055) ***-**-** mobil nömrəli telefonla “102” xidmətinə zəng edərək polis əməkdaşlarının və DİN-nin rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmişdir. İzahatında əməlindən peşman olduğunu, azəriqazın sayğacı dəyişdiyinə görə onlardan şikayət eləmək üçün zəng elədiyini, narkozun təsiri altında olduğundan bu cür söyüş söydüyünü bildirmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əməlindən peşmandır. 5-6 dəfə narkoz qəbul etdiyindən arada belə vəziyyətə düşür. Bir neçə dəfə özünə də xəsarət yetirmişdir. İİ qrup əlildir. Müharibə iştirakçısıdır.Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan video diskdən görünür ki, Şəxs 102- xidmətinə zəng edərək polis əməkdaşlarının və DİN-in rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3\3-3/2-7059/23 nömrəli DİN Növbətçi hissələri İdarəetmə Xidmətindən Gəncə şəhər Polis İdarəsinə daxil olmuş məktubdan görünür ki, Şəxs polis əməkdaşlarının və DİN-in rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, video disk və inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar