Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-924/2024 28.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 28 fevral 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri Məhkəməsinin 2(125)-196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunma barədə xəbərdarlıq göndərilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən yayınır. Şəxs aliment borcu 3318 (üç min üç yüz on səkkiz) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək bildirdi ki, borclu Şəxs hazırda qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırır. Zərərçəkmiş şəxs ərizələrlə müraciət edərək aliment borcunun tam ödənilməsini tələb edir. Barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, fəhlə işləyir, qışda imkanı zəif olur. Borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Aliment borcundan təxmini 4500 manat ödəniş etmişdir. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəməyə iclasında bildirdi ki, borclu Şəxs imkanı var, ev təmir edir, qazancı yaxşı olur, o iki uşağı saxlamaqda çətinlik çəkdiyini bildirdi. Sonda o, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: 28 fevral 2024-cü il tarixli, MN № 14818997 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gəncə şəhəri Məhkəməsinin 2(125)-196/2024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli Qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 07 aprel 2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş, borcluya təqdim edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi, bu maddənin dispozitiv şərti şəxsin bir il ərzində şəxsin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh alması və tənbehvermə haqqında qərarın qanuni qüvvəyə minməsidir. Məhkəmə Gəncə Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli Qərarına baxış keçirərək müəyyən etmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Belə olan halda, İXM-nin 528.1-1-ci maddəsinin dispozitiv şərti ödənmir, əməldə həmin maddənin tərkibi yaranmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-924/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-924/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver