Məhkəmə qərarları › İş №3(125)-931/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-931/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-931/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib edilmiş inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. 29 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə X6 uşaq mebeli sifariş etmək üçün Şəxs Kapital Bank kart hesabına 500 (beş yüz) manat pul göndərmiş, Ramal isə vədinə əməl etməyərək pulu mənimsəmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Şəxs zərərçəkmiş şəxs X4 ona uşaq mebeli düzəldəcəyi adı ilə aldadaraq 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin bu əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, rəsmi vergi ödəyicisi olmayaraq, məişət mebeli yığılması ilə məşğul olur, hazırda Göygöl rayonu, Quşqara kəndində yerləşən fərdi yaşayış evində işləyir. 2023-cü ilin dekabr ayının əvvələrində istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə X6 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə zəng etmiş, həmin vaxt yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə dəvət etmişdir. Həmin mənzildə Elnurla görüşmüş, Elnur uşaq mebel dəsti düzəltməyi sifariş etmiş, o isə həmin mebel dəstini 2200 (iki min iki yüz) manata düzəldib təhvil verə biləcəyini bildirmiş, lakin Elnur endirim etməsini xahiş etmiş, o isə Elnurun hərbiçi olmasını nəzərə alaraq həmin mebel dəstini 1400 (min dörd yüz) manata düzəldib təhvil verəcəyi barədə Elnurla razılığa gəlmişlər. Sonra xx.xx.2023cü il tarixdə saat 21:56 dəqiqədə Elnur “MilliÖn" ödəmə terminalı vasitəsi ilə onun Elnura təqdim etdiyi ona məxsus bank kartına həmin mebel dəstinin materiallarını almaq üçün 500 (beş yüz) manat pul göndərmişdir. O, Elnurun sifariş etdiyi mebel dəstini düzəltmiş və təhvil verdikdə Elnur həmin mebel dəstinin bir neçə hissəsi pis düzəldiyi üçün narazılıq etmiş, bu səbəbdən o, həmin mebel dəstinin həmin hissələrini yenidən təmir etsə də, Elnur yenə də narazılıq etmişdir. Həmin mebel dəsti hazırda qonşusu Samirə məxsus fəaliyyət göstərməyən dükanda saxlanılır. Əgər Elnur istəyərsə həmin mebel dəstini ona təqdim etməyə hazırdır. O, Elnura qarşı heç bir dələduzluq etməmiş, görəcəyi işin müqabilində beh almış və işini də görmüşdür. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, o, 2023-cü ilin dekabr ayının əvvəlində "İnstagram" sosial şəbəkəsində mebel düzəldilməsi haqqında elan görmüş, həmin elanda göstərilən 055/***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış, zəngə cavab verən adı ona sonradan məlum olan Şəxs ilə mebel düzəldilməsi haqqında söhbət etmişlər və yaşadığı evə yeni uşaq mebel dəstinin 1400 (min dörd yüz) manata düzəldilməsi barədə Ramalla razılığa gəlmişlər. Sonra o, xx.xx.2023-cü il tarixdə saat 21:56 dəqiqədə Gəncə şəhəri, R.Əliyev küçəsində yerləşən "Bazarstore" mağazasının içərisində yerləşən “MilliÖN" ödəmə terminalı vasitəsilə Ramalın ona təqdim etdiyi 4169 7385 6448 4596 nömrəli "Kapital Bank” ASC-nin bank hesabına beh olaraq 500 (beş yüz) manat pul göndərmişdir. Lakin Şəxs mebel dəstini əvvəlcədən müəyyənləşdirilmiş vaxtda və sifariş verdiyi kimi yığmadığı üçün hazırlanmış mebeli qəbul etməkdən imtina etmiş və ödədiyi 500 manat pulu geri qaytarmağı ona bildirsə də Ramal pulu geri qaytarmamışdır. Ramal yenidən ona həmin mebel dəstini qəbul etməyi təklif etsə də o, mebel dəstini bəyənmədiyi üçün qəbul etməmişdir. Hazırda 500 manat pulun ona qaytarılmasına köməklik göstərilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısının 31 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə zərərçəkmiş şəxs arasında uşaq mebel dəstinin hazırlanması üçün şifahi formada podrat müqaviləsi bağlanmışdır. Şəxs müqavilə üzrə öz öhdəliyini düzgün icra etmədiyindən X6 öhdəliyin icrasından imtina etmiş və ödədiyi 500 manat pulu geri tələb etmişdir. Lakin Şəxs artıq uşaq mebel dəstini hazırladığı üçün pulu qaytarmaqdan imtina etmişdir. Şəxs X6 üçün hər hansı işin görülməsinə görə onun pulunu aldatma yolu ilə ələ keçirməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı Şəxs və X3 ifadələri ilə onların uşaq mebel dəstinin hazırlanması ilə bağlı müqavilə tərəfləri olduğu müəyyən edilmişdir. Belə olan halda Şəxs X1 pulu alarkən dələduzluq etməsi, yəni heç bir qarşılıq olmadan həmin pulu ələ keçirmək istəməsi zərərçəkmiş şəxsin ehtimalından və şəxsi mülahizələrindən başqa bir şey deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar