Məhkəmə qərarları › İş №3(125)-932/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-932/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-932/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 21 yanvar 2024-cü il tarixdə Şəxs arvadı X3 ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı onu döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi X7 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2012-ci ildən X3 ilə rəsmi evlidir. Onların 2 azyaşlı uşağı var. Arvadı, 2023-cü ilin may ayında uşaqlıq borusunda yaranmış kista ilə əlaqədar əməliyyat olunmuşdur və əməliyyatdan sonra onun əsəblərində bir qədər problemlər yaranıb. Son zamanlar Anastasiya onunla yola getmir tez-tez aralarında münaqişələr olur. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yaşadığı evdə o, Anastasiyanı döyməmişdir. Ona şər atır. Barəsində icraatı aparılan İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilmir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, o, xx.xx.2012-ci ildə Şəxs ilə rəsmi evlidir. O, 2023-cü ilin may ayında uşaqlıq borusunda yaranmış kista ilə əlaqədar əməliyyat olunmuşdur. Son zamanlar Tural onunla yola getmir, ondan ayrılmaq istədiyini deyir. Tez-tez aralarında münaqişələr olur. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman Tural onu nalayiq sözlərlə təhqir edərək evdən çıxıb getməyini demişdir. Aralarında yaranmış mübahisə zamanə o, əlləri ilə onun bədəninə zərbələr vuraraq onu döymüşdür. Tural ilə aralarında baş vermiş münaqişə zamanı yanlarında heç kim olmamışdır. Barəsində icraat aparılan şəxs barəsində tənbeh verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, X7 tərəfindən tərtib edilmiş 29 fevral 2024-cü il tarixli MN № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs arvadı X2 döyməsi əsası ilə barəsində inzibati protokol tərtib edilmişdir. 10 fevral 2024-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında Qərardan görünür ki, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhər 3-cü Polis Bölməsinin göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X4 112 nömrəli ekspert rəyində X1 bədəni üzərində xəsarət müəyyən edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə inzibati tənbeh təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qadına qarşı şiddətin yolverilməzliyini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Belə olan halda, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində cərimə tənbehi tətbiq edilməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar