Məhkəmə qərarları › İş №3(125)-933/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-933/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-933/2022 10.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 334.1-ci və 511.1.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ DYPŞ-nin polis baş mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 511.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 09 noyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 02:30-da “VAZ 21214” markalı, 21BF211 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.3, 334.1, 511.1.2, 327.2, 327.4, 327.1, 332.1, 332.2, maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş, Gəncə ŞBPİ DYPŞ-nin polis mayoru X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 02:30-da VAZ 21214 minik markalı, 21BF211 dövlət qeydiyyat nişanlı avtomobillə sürücülük vəsiqəsi olmadan, spirtli içki və narkotik maddə qəbul edərək avtomobil idarə etmiş, avtoxuliqanlıq hərəkətləri edərək, yəni avtomobilin təkərlərini yerdən üzməklə, yolun əks istiqamətində hərəkət etməklə işıqforun qadağanedici qırmızı işiğında keçməklə əhalinin dincliyini nümayişkar şəkildə pozmuş və etdiyi hərəkətləri videoçarx düzəldərək sosial şəbəkələrdə paylaşmış, bununla da onun barəsində İXM-nin 334.1-ci və 511.1.2-ci maddələsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərini etiraf edərək bildirmişdir ki, onun sürücülük vəsiqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə, saat 02:30-da o, sərxoş vəziyyətdə VAZ 21214 markalı, 21BF211 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Nizami prospekti H.Əliyev küçəsində və başqa küçələrdə avtoxuliqanlıq etmiş, etdiyi hərəkətləri videoçarx şəklində düzəldib sosial şəbəkələrdə paylaşmışdır. O, idarə etdiyi avtomobilin təkərlərini yerdən üzmüş, yolun əks istiqamətində, işiqforun qadağanedici qırmızı işığında avtomobillə hərəkət etmiş əhəlinin dincliyini nümayişkar şəkildə pozmuşdur. O, həmin vaxt pivə və enerji içkisi içmiş, narkotik maddə çəkməmiş, sadəcə çəkənlərin yanında tüstüyə düşümüşdür. Sonda o, etdiyi əməllərdən peşman olduğunu, 1-ci dəfədir belə hərəkətlər etdiyini nəzərə alıb barəsində yüngün inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokollarından görünür ki, Şəxs sidikdə narkotik vasitə (THC) aşkar edilmiş, həmçinin o, yüngül dərəcəli alkaqol sərxoşu vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayyinəsindən görünür ki, Şəxs sidikdə narkotik vasitə (THC) aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi məlumat bazasında vətəndaş xx.xx.2000-ci il tarixdə Göygöl rayonunda anadan olmuş və Göygöl rayonu, Üçtəpə kəndində yaşayan Şəxs adına sürücülük vəsiqəsi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 04:10 radələrində inzibati qaydada tutulmuşdur. Şəxs barəsində tərtib edilmiş 09 noyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikasının İXM-nin 327.3, 334.1, 511.1.2, 327.2, 327.4, 327.1, 332.1, 332.2, maddələrində ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İXMnin 327.3, 327.2, 327.4, 327.1, 332.1, 332.2-ci maddələrində maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxdığından, məhkəmə yalnız Azərbaycan Respublikasının İXM-nin 334.1-ci və 511.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.” Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 334.1-ci və 511.1.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs avtoxuliqanlıq etməsi, yəni yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə qərəzli hərəkətlər etməsi və beləliklə İXM-in 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin avtomobili sürücülük hüququ olmadan narkotik vasitədən və spirtli içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi və beləliklə İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokollar ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İXM-nin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 511.1.2-ci maddəsinə əsasən avtoxuliqanlıq, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi əməlləri etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 334.1 və 511.1.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində daha ciddi xətaya, yəni avtoxuliqanlığa görə 511.1.2-cü maddəsində nəzərədə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar