Məhkəmə qərarları › İş №3(125)-935/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-935/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-935/2024 01.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Şəxs nümayəndəsi “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, 00900-00104/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen: **********) MMC tərəfindən xx.xx.2023-cü il tarixli 202301-09 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli №14 ON nömrəli İnvoice əsasında xx.xx.2023-cü il tarixli **********3329 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 19370 (on doqquz min üç yüz yetmiş) kq, dəyəri 9755,50 (doqquz min yeddi yüz əlli beş, əlli) ABŞ dolları olan “yerkökü, çuğundur, lobya” yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 9755,50 (doqquz min yeddi yüz əlli beş, əlli) ABŞ dolları və yaxud 16584,35 (on altı min beş yüz səksən dörd, otuz beş) AZN olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə, 00900-00104/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq izahat verilməsi üçün MMC-nin ünvanına xx.xx.2024-cü il tarixli 3-33-1600/2-000144/2024 nömrəli məktub göndərilərək xx.xx.2024cü il tarixdə Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinə dəvət olunmuş, lakin bugünə kimi Şəxs MMC-nin heç bir nümayəndəsi Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinə gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma ilə əlaqədar MMC tərəfindən ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına köçürmə yolu ilə geri köçürülməmiş xx.xx.2023-cü il tarixli **********3329 sorğu nömrəli gömrük bəyannaməsi üzrə geri qaytarılmayan yükün dəyəri 9755,50 (doqquz min yeddi yüz əlli beş, əlli) ABŞ dollarının yük ixrac olunan vaxt Azərbaycan manatına nisbəti bəyannamələrin 23-cü qrafasında bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1.7000 manat olduğu qeyd edilmiş və beləliklə, Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 16584,35 (on altı min beş yüz səksən dörd, otuz beş) AZN təşkil etdiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxsnə ünvanlanmış “xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair” xx.xx.2023-cü il tarixdə 3-33-1600/2-004015/2023 nömrəli xəbərdarlıq və xx.xx.2023-cü il tarixdə 3-33-1600/2-004245/2023 nömrəli bildirişə əsasən hüquqi şəxs xarici iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaitini 180 gün ərzində Azərbaycan Respublikasında olan müvəkkil bank hesabına köçürməli olduğuna dair lazımi qaydada xəbərdar edilmiş və ona hüquqi məsuliyyəti barədə qabaqcadan izah verilmişdir. Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeyd hissəsində: “az miqdar” dedikdə qaytarılmamış xarici valyuta vəsaitinin 20000 (iyirmi min) manatadək olan məbləği başa düşülür. Beləliklə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 9755,50 (doqquz min yeddi yüz əlli beş, əlli) ABŞ dolları və yaxud 16584,35 (on altı min beş yüz səksən dörd, otuz beş) AZN valyuta vəsaiti az miqdar təşkil etmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X3 bildirdi ki, Gəncə Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci maddəsinin “hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər” tələblərinin pozulmasına dair EP № ******* saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib etmiş və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərmişdir. Qeyd olunmuş protokol əsassızdır, tam və hərtərəfli faktlar nəzərə alınmadan tərtib edilmişdir. Şəxs MMC-nin əsas fəaliyyəti mövsümü meyvətərəvəz məhsullarının öz hesabına istehsal edilərək yaxud yerli istehsalçılardan alınaraq xarici ölkələrə ixracından ibarətdir. Belə ki, 2020-ci il ərzində "xxxx" MMC tərəfindən Rusiya Federasiyasına 39.503.876,08 ABŞ dolları məbləğində meyvə-tərəvəz məhsulları göndərilmiş, həmin il ərzində Rusiya Federasiyasından 16 890 873,5 ABŞ dolları məbləği "xxxx" MMC-nin müvəkkil bank hesablarına ödənilmişdir, qalan məbləğ isə ödənilməmiş qalmışdır. 2021-ci il ərzində "xxxx" MMC tərəfindən Rusiya Federasiyasına gömrük bəyannamələrinə əsasən 22 762 433,45 ABŞ dolları məbləğində meyvə-tərəvəz məhsulları göndərilmiş və həmin il ərzində Rusiya Federasiyasından ALMEYVA MMC-nin müvəkkil bank hesablarına 8 689 809,94 ABŞ dolları məbləğində ödəniş edilmişdir, qalan məbləğ isə ödənilməmiş qalmışdır. 2022-ci il ərzində "xxxx" MMC tərəfindən Rusiya Federasiyasına gömrük bəyannamələrinə əsasən 35 258 754,01 ABŞ dolları məbləğində meyvə-tərəvəz məhsulları göndərilmiş və həmin il ərzində Rusiya Federasiyasından ALMEYVA MMC-nin müvəkkil bank hesablarına 2 167 544,31 ABŞ dolları məbləğində ödəniş edilmişdir, qalan məbləğ isə ödənilməmiş qalmışdır. 2023-cü il ərzində "xxxx" MMC tərəfindən Rusiya Federasiyasına gömrük bəyannamələrinə əsasən 14.822.330,91 ABŞ dolları məbləğində meyvə-tərəvəz məhsulları göndərilmiş və həmin il ərzində Rusiya Federasiyasından heç bir ödəniş edilməmişdir. 2021-2023-cü illərdə göndərilən məhsulların 65%-i, 2023-cü ildə göndərilmiş məhsulların 60%-i xarab olmuşdur. Göründüyü kimi, "xxxx" MMC Rusiya Federasiyasında olan şirkətlərlə daimi olaraq işgüzar münasibətlərdə olmuş, satıcı kimi malları göndərmiş və alıcı tərəf göndərilən mallar üçün ödənişləri etmişdir. 2022-ci ildə Rusiya Federasiyası ilə Ukrayna arasında müharibə başlandığı vaxtdan Rusiya Federasiyasının əksər banklarına sanksiyalar tətbiq olunmuşdur. Tətbiq edilən sanksiyalarla bağlı Rusiya Federasiyasının təsərrüfat subyektləri tərəfindən beynəlxalq biznes müqavilələri üzrə bir çox ödənişlər hazırda həyata keçirilə bilmir. Əlavə olaraq, İXM-nin 430.4-cü maddəsi ilə Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı göndərilən pulların qaytarılması mümkün olmaması səbəbindən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən onlarla protokollar tərtib edilmiş və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bütün işlər üzrə cavabdeh olan Şəxs MMC-nin təqsirsizliyi sübut olunmuşdur və bütün icraatlara xitam verilmişdir. Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı göndərilən pulların qaytarılması mümkün olmaması səbəbindən Nəsimi Rayon Prokurorluğunda Şəxs MMC-yə qarşı cinayət işi başlanmışdır, lakin yekun etibarı ilə Şəxs MMC-nin təqsirsizliyi yenidən sübut olunmuşdur və cinayət işinə xitam verilmişdir. Onu da qeyd edir ki, bu iş üzrə göndərilən məbləğ xitam verilmiş cinayət üzrə əhatə olunan məbləğə daxildir. Bununla da tam müəyyən edilir ki, baş vermiş hadisə üzrə hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. İnzibati xəta mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqət isə yuxarıda qeyd edilmiş sənədlərdə öz əksini taparaq, tam aşkar müəyyən edilir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Lakin yuxarıdakı sübutlarla, sənədlərlə müəyyən edilən işin halları və aşağıda sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması İXM-nin maddələri və Konstitusiya Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarını və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00900-00104/24 nömrəli inzibati xəta haqqında protokolla İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********3329 nömrəli gömrük bəyannaməsindən görünür ki, çəkisi 19370 (on doqquz min üç yüz yetmiş) kq, dəyəri 9755,50 (doqquz min yeddi yüz əlli beş, əlli) ABŞ dolları olan “yerkökü, çuğundur, lobya” yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 9755,50 (doqquz min yeddi yüz əlli beş, əlli) ABŞ dolları təşkil edir. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında 16 mart 2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “Miq Qrupp” və “Druqoe Delo” şirkətlərinə göndərilmiş meyvə-tərəvəz məhsullarının pulunun müəyyən hissəsinin Şəxs MMC-nin müvəkkil bank hesablarına göndərilməməsi faktında cinayət tərkibi olmadığı üçün həmin fakta görə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, Şəxs MMC tərəfindən Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “Miq Qrupp” və “Druqoe Delo” şirkətlərinə göndərilmiş məhsulların pullarının Rəşid Quliyev tərəfindən həmçinin hüquqi şəxs Şəxs MMC tərəfindən hər-hansı qeyri-qanuni yolla əldə edilməsi sübuta yetmədiyindən hüquqi şəxs Şəxs MMC-nin və MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 208-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilir ki, cinayət işinə əlavə edilmiş “Miq-Qrupp” şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müqavilənin şərtlərinə müvafiq olaraq ödənişlər ABŞ dolları ilə həyata keçirilir, lakin mövcud vəziyyətlə əlaqədar ödənişlər müvəqqəti olaraq dayandırılmışdır. Göndərilən məhsulların müəyyən hissəsi xarab çıxmışdır. Həmin qərarda göstərilir ki, cinayət işinə əlavə edilmiş “Miq-Qrupp” şirkəti tərəfindən Nəsimi rayon prokurorluğuna ünvanlanmış məktubdan görünür ki, “Miq-Qrupp” şirkəti Şəxs MMC qarşısında borcunun olması faktını təsdiq edərək, son siyasi hadisələr konteksində, həmçinin Rusiya banklarına qarşı tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq təsərrüfat müqavilələri üzrə bir çox ödənişlərin hal-hazırda həyata keçirilmədiyini göstərmişdir. Rusiya bankları vasitəsilə ödənişin aparılması üçün ilk fürsətdə məbləğ ödəniləcəkdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4294/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3(006)-4524/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 3(006)- 3527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 3(006)-4728/2022 nömrəli, xx.xx.2022-cü il tarixli qərarlarından görünür ki, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş “az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması” özü-özlüyündə inzibati xətanın törədilməsini ehtiva etmir. “Az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdırsa”, bu zaman inzibati xətanın əlamətləri formal cəhətdən mövcud olsa da, həmin "xxxx" MMC-nin təqsiri müəyyən edilməlidir. Əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində MMC-nin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı məhkəmə yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlir ki, xaricdən valyutanın geri qaytarılmaması səbəbi kimi göndərilən məhsulların müəyyən hissəsinin xarab çıxması və mövcud vəziyyətlə bağlı Rusiya banklarına qarşı tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq təsərrüfat müqavilələri üzrə bir çox ödənişlərin hal-hazırda həyata keçirilə bilməməsidir. Göstərilən hallar yuxarıda qeyd edilənlərlə tam təsdiq edilir. Yuxarıda göstərilənlərlə müəyyən edilir ki, baş vermiş hadisə üzrə hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarında da göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin hallarına və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-nin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə inzibati xəta haqqında bütün sübutları hərtərəfli, obyektiv və tam şəkildə tədqiq edərək, o cümlədən qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 fevral 2024-cü il tarixli, 00900-00104/24 saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar