Məhkəmə qərarları › İş №3(125)-937/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-937/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-937/2022 11.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah оğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Tərtər şəhəri, Qaçay Mehdiyev küçəsi, ev 18-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin baş əməliyyat müvəkkili X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin baş əməliyyat müvəkkili X5 tərəfindən tərtib edilmiş protokolda qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə, saat 12:00-da Şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə qurudulmuş marixuana əldə edib istifadə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin baş əməliyyat müvəkkili X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 12:00-da Şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə qurudulmuş marixuana əldə edib istifadə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində özünü təqsirli bilərək bildirdi ki, o, arabir narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Təxminən bir il bundan əvvəl narkotik vasitədən istifadə etmişdir. Sonuncu dəfə isə təxminən 12-13 gün bundan əvvəl Gəncə şəhərində Xan Bağı adlanan parkda narkotik vasitə qurudulmuş marixuana taparaq həmin narkotik vasitəni çəkərək qəbul etmişdir. Səhvini başa düşmüş, əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəyini, ailəli olmasının, hazırda himayəsində iki azyaşlı uşağının olmasının və ailənin yeganə qazanc gətirən şəxsi olmasının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı, polis mayoru X2 HK-1/260 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 11 noyabr 2022-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti QBRŞ-nin aidiyyəti əməkdaşına göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Şəxs BNMİ-nin QBRŞ-nin təhqiqatçısı, polis mayoru Rafiq Əhmədov tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 10 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Şəxs üzərində narkotik vasitə və ya digər qanunsuz əşya olmadığını bildirdi. Şəxs üzərinə onun tərəfindən şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilmədi. Şübhəli şəxs Şəxs verilən suallara cavab olaraq bildirdi ki, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təxminən 2 ildir ki, arabir narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Sonuncu dəfə, yəni 12 gün əvvəl Gəncə şəhərində Xan Bağı adlanan parkda yerdən tapdığı bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı çəkərək qəbul etmişdir, heç yerdə narkotik vasitə saxlamır, saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkət olmayıb, heç bir şikayəti və tələbi yoxdur. “Tutulmuş şübhəli şəxsin azad edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuş, xx.xx.1983-cü il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və Tərtər şəhəri, Qaçay Mehdiyev küçəsi, ev 18-də yaşayan Şəxs BNMİ-nin QBRŞ-nin təhqiqatçısı, polis mayoru Rafiq Əhmədov tərəfindən xx.xx.2022-ci il, saat 22:30-da şübhəli şəxs qismində tutulmadan azad edilərək DİN-nin BNMİ-nin QBRŞ-dən sərbəst buraxılması qərara alınmışdır. “Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi” məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli 2326/2022 nömrəli tibbi müayinə aktından görünür ki, Şəxs sidiyində THC (narkotik vasitə) aşkar olunmuşdur. Gəncə şəhər Narkoloji Dispanserin 10 noyabr 2022-ci il tarixli, 1706 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını və iki azyaşlı övladının olmasını İXM-in 32ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və iki azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar