Məhkəmə qərarları › İş №3(125)-938/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-938/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-938/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1963-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 21 aprel 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin sahə rəisi X1 tərtib etdiyi protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində X3 məxsus su xətlərini yarasız vəziyyətə saldığı üçün onun barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, yaşadığı məhəllədə artezyan quyusu var. Artezyan quyusu dövlət mülkiyyətindədir. O sadəcə inzibatçı kimi quyudan istifadə haqqlarını toplayır. xx.xx.2023cü il tarixdə artezyan quyusundan evlərə çəkilən su xəttlərində təmir işləri aparılmış, təmir zamanı ekskavatorçu tərəfindən ehtiyatsızlıqdan X3 məxsus su xətti zədələnmişdir. Su xətti qəsdən bilavasitə onun tərəfindən deyil, ehtiyatsızlıqdan ekskavatorçi tərəfindən zədələndiyindən barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 bildirdi ki, həqiqətən onun su xəttlərinə zərər ekskavatorçu tərəfindən vurulmuşdur. Barəsində icraat aparılan şəxs onun qonşusudur. Münasibətləri yaxşıdır. Yalnız ona dəyən zərərin ödənilməsində maraqlıdır. Hesab edir ki, Şəxs inzibatçı olduğundan xəttin zədələnməsində o da məsuliyyət daşıyır. Protokol tərtib etmiş şəxsə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi, bu maddənin tərkibi özgənin əmlakını qəsdən məhv etdikdə yaranır. Barəsində icraat aparılan şəxsin zərəri qəsdən vurması, ümumiyyətlə zərərin bilavasitə onun tərəfindən vurulması iş materialları ilə öz təsdiqini tapmır. Bu halda İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin dispozitiv şərti ödənməyərək inzibati xəta tərkibi ümumiyyətlə yaranmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar