Məhkəmə qərarları › İş №3(125)-940/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-940/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-940/2025 05.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhər 1-ci polis şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər 1-ci PŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətin inzibati binasında saat 12:15 radələrində səs-küy salaraq işçiləri narahat etmiş və nəticədə Azərbayan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokolu tərtib etmiş şəxs X2 çıxışında bildirmişdir ki, vətəndaş Xəyal adlı şəxs 1-ci PŞ-nə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətin inzibati binasında səs-küy salmış və həmin ərizə əsasında protokol tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Dəmir Yolları QSC-də maşinist köməkçisi vəzifəsində çalışır, İİ Qarabağ müharibəsində iştirak etmişdir, qazidir, O, xx.xx.2025-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətində Kommunal şöbəsinin müdiri “Nurəhməd müəllimin” qəbuluna girmək istəmiş və qapıda dayanan şəxs onu içəri buraxmayaraq, ona dərdini mənə danış demişdir. O, “sən qapıçısan”, “sən mənə nə köməklik edə biləcəksən” soruşmuş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı qapıçı onun sol qolundan tutub dartmışdır. Həmin qolunda müharibədən sonra ağrılar olduğundan o, ağrıdan əsəbləşmiş və orada ucadan danışaraq öz etirazını bildirmişdir. Daha sonra telefonuna zəng gələrək onu Polis Şöbəsinə dəvət etmişlər. İfadəsinin sonunda əməlindən peşman olduğunu və barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 510-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və müharibə iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə baxışında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar