Məhkəmə qərarları › İş №3(125)-947/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-947/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-947/2023 12.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər İcra İdarəsinin icra məmuru X2, zərərçəkmiş şəxs ABC Telecomun nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu, R.Hüseynov küçəsi, ev 3də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 1) Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1929/2020 nömrəli icra sənədi əsasən Şəxs 2470 manat məbləğində pul alınaraq tələbkar ABC Telecom MMC-nin xeyrinə ödənilməlidir. 2) Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3225 manat pul vəsaiti alınaraq Azərbaycan Beynəlxalq Bank ASC-yə xeyrinə ödənilməlidir. 1) Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildirirş və inzibati məsuliyyətə cəlb olunması ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq borclu tərəfindən borc ödənilməmişdir. 2) Şəxs tələbin könülü icra edilməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu pulu olmadığını əsas gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Bununla da borclu X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmadığından axtarış elan olunmuşdur. Daha sonra isə borclunun övladının xəstəliyi ilə əlaqədar Bakıda olması müəyyən edilmişdir. Onun yeri müəyyən olunduqdan sonra 400 manat ödəniş etmişdir. ABC Telecomla hər ay ödəniş edilməsi ilə bağlı razılığa gəlmişlər. Buna baxmayaraq proktolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, borcunu ödəməkdən qəsdən yayınmır. Məhkəmənin qətnaməsini bildikdən sonra hər ay mütəmadi ödənişlər edir. Bundan sonra da hər ay ödənişlərinə davam edəcək. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxs ABC Telecomun nümayəndəsi X7 izahatında bildirdi ki, ərizəni təqdim edib bildirirəm ki, Şəxs ilə borcun hər ay hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişik. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs hüquqi şəxs Azərbaycan Beynəlxalq Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakı təmin edilməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1929/2020 nömrəli icra sənədi əsasən Şəxs 2470 manat məbləğində pul alınaraq tələbkar ABC Telecom MMC-nin xeyrinə ödənilməlidir Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3225 manat pul vəsaiti alınaraq Azərbaycan Beynəlxalq Bank ASC-yə xeyrinə ödənilməlidir. Ərizədən görünür ki, tərəflər arasında borcun ödənilməsi barədə razılıq əldə olunmuşdur. İcraata başlamaq haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İcraata başlamaq haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. xx.xx.2020-ci il tarixli Tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən götürülmüşdür. xx.xx.2020-ci il tarixli Tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən götürülmüşdür. xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs borcunu ödəməli olduğu, əks təqdirdə barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən Kontakt Home şirkətinə müəyyən ödənişlər edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1929/2020 nömrəli icra sənədi üzrə icraat xx.xx.2020-ci il tarixdə başlanılmış lakin tələbin könüllü icrası haqqında bildirişin borcluya hansı tarixdə rəsmi qaydada təqdim edilməsi müəyyən olunmamışdır. Eyni zamanda Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli icra qeydi üzrə xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə icraat başlanmış, lakin tələbin könüllü icrası haqqında bildirişin borcluya hansı tarixdə rəsmi qaydada təqdim edilməsi müəyyən olunmamışdır. Qanunun tələbinə əsasəm tələbi könüllü icra etməsi üçün 10 gün müddət şəxsin könüllü icra haqqında bildirişi aldığı vaxtdan hesablanır. Eyni zamanda icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin nümayəndəsi ilə Şəxs arasında razılıq əldə edilmişdir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar