Məhkəmə qərarları › İş №3(125)-949/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-949/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-949/2023 22.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 nümayəndəsi (vəkili) – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 11000/02957 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 11000/02957 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur (VÖEN **********). Sahibkarlıq fəaliyyəti ilə əlaqədar xx.xx.2023-cü ildə saat 22:42-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar" gömrük postundan ölkəmizə "ağ sement" yükü 14AB475/14AB476 yük nəqliyyat vasitəsilə daxil olmuşdur. Olan yükə dair 03 may 2023-cü il tarixli 11000-02405/23 nömrəli protokola əsasən bu qərar qəbul edilmişdir. Həmin qərara əsasən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə bəyannaməçi tərəfindən elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda X2 tərəfindən bu vaxtında təmin olunmamış, mallar ölkə ərasinə keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 23:57-də **********7411 nömrəli qısa idxal bəyannaməsi sistemə yerləşdirilmişdir. Bu əsassız və obyektiv araşdırılmamış fakta əsaslanmış mübahisəli qərar ilə 1.000 AZN cərimələnmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 11000/02957 nömrəli inzibati tənbeh vermə haqqında qərarı məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, şikayətə əlavə olunmuş onun həyat yoldaşının rəsmi maildən “Elektron ünvan 1” **********7411 nömrəli qısa idxal bəyannaməsi sistemə xx.xx.2023-cü il tarixdə saat 09:36 yazılıb və 09:49-da ünvançıya göndərilmişdir. (sübutlar göndərmə maildən çıxarış əlavə olunub). Həmçinin həmin bəyannamənin təsdiqlənməsindən sonra ödəniş edilmiş və həmin ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:40-da ödənişlər edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydalarının 2.2-ci bəndinin malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməsi barədə tələbi pozulmamışdır. Buna görə də barəsində tətbiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 11000/02957 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 nümayəndəsi (vəkili) – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, X1 əməlində inzibati xəta tərkibi olmadığı üçün qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 11000/02957 nömrəli qərardan görünür ki, X2 İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş mailto:hamid.azdhari@1976.gmail.comElektron ünvan 1 adlı maildən **********7411 nömrəli qısa idxal bəyannaməsi sistemə xx.xx.2023-cü il tarixdə saat 09:36-da yazılıb və 09:49-da ünvançıya göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********7411 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, X1 ünvanına İran İslam Respublikasından 14AB475/14AB476 nömrə nişanlı nəqliyyat vasitəsilə “Biləsuvar” gömrük postundan keçməklə gələn “Ağ sement” yükü Qərb Ərazi Baş Gömrük İdarəsində bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:40-da **********7411 nömrəli qısa idxal bəyannaməsi üzrə müvafiq ödənişlər edilmişdir. Belə ki, iş materiallarından aydın şəkildə görünür ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 09:36-da yazılıb, 09:49-da Elektron ünvan 2 ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 17:40-da **********7411 nömrəli qısa idxal bəyannaməsi üzrə müvafiq ödənişlər edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 263 saylı Qərarının 13.1-ci bəndinə əsasən, qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanlarına təqdim edilə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən inzibati xəta haqqında qərarın qanuniliyi və əsaslığı ilə bağlı sübutları təqdim etmək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin üzərinə düşdüyü üçün inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmədə baxılan müddətdə səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin mübahisələndirilən qərarın qanuniliyinə və əsaslığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X1 həmin tarixdə inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında öz əksini tapmamış, o cümlədən səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, 11000/02957 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti polkovniki X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 11000/02957 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar