Məhkəmə qərarları › İş №3(125)-953/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-953/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-953/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 15 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 3(125)-117/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuş və həmin cəriməni ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)-117/2023 saylı 30 yanvar 2023-cü il tarixli qərarı ilə Şəxs 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur və həmin cəriməni ödəmir. Buna görə də onun barəsində 15 may 2023-cü il tarixdə İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)-117/2023 saylı 30 yanvar 2023-cü il tarixli qərarına əsasən o, inzibati qaydada 500 (beş yüz) manat cərimə olunmuşdur. Lakin o, qərarın icrasından qərəzli olaraq boyun qaçırmır. Belə ki, o, xəstəliyi ilə bağlı heç bir yerdə işləyə bilmədiyindən inzibati cərimənin ödənilməsində bir az gecikmə olmuşdur. O, hazırda inzibati cəriməni ödəyəcəyinə söz vermişdir. Bununla da o, barəsində olan icra sənədinin icrasından yayınmamış və belə bir niyyəti də yoxdur. Buna görə də qeyd olunanları nəzərə alaraq onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-117/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 3(125)-117/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs məhkəmə qərarı ilə ona təyin edilmiş inzibati cəriməni yerinə yetirməkdən üzrsüz səbəbdən boyun qaçırması faktı öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında Şəxs inzibati cəriməni ödəmək iqtidarında olduğunu bildirməsi onu göstərir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs məhkəmə qərarı ilə ona təyin edilmiş inzibati cəriməni yerinə yetirməkdən boyun qaçırmaq niyyətində olmamış, yalnız xəstəliyi ilə bağlı bir az gecikmə olmuş və hazırda inzibati cəriməni ödəmək istəyir. Belə olan halda məhkəmə onun əməlində İXM-nin 529.2-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar