Məhkəmə qərarları › İş №3(125)-966/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-966/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-966/2022 16.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər X5 Şöbəsinin polis leytenantı X2 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs (idarə etdiyi “Kamaz 5410” yük markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında materiallar natamam olduğundan protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadəsinə yol verilmir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Protokolu nəzərdən keçirərkən müəyyən olunur ki, İXM-in 332.4-cü maddəsi zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutsa da protokola zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasını və ya maddi zərər vurulmasını təsdiq edən hər hansı sənəd protokola əlavə olunmamışdır. Həmçinin protokola əlavə edilmiş X1 izahatından görünür ki, arxasında **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqusu olan “Kamaz 5410” yük markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil və Hyundai Tucson markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində ona məxsus Kamaz markalı avtomobili idarə edən Şəxs onun məlumatı olmadan həmin avtomobili götürmüşdür. Belə olan halda məhkəmə qeyd edir ki, bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilsə də, protokolda qeyd edilmiş yol nəqliyyat hadisəsinin törədilməsində və ondan əvvəl Şəxs hərəkətlərində hər hansı cinayətin tərkib əlamətlərinin olub-olmaması aydınlaşdırılmamışdır. İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Bu hissədə (İXM-nin 327.1 və 332.1-ci maddələrinə münasibətdə) məhkəmə hesab edir ki, inzibati cərimə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd edilən məlumatlar göstərilmədən və hazırki iş üzrə zəruri sənədlər əlavə edilmədən işə mahiyyəti üzrə baxılması və obyektiv nəticəyə gəlinməsi yetərli olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsi X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar