Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-967/2023 17.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərər çəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3007/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 150 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 ödənilməlidir. Hazırda icra sənədi üzrə qalıq borc 6000 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclulara tələbin könüllü icrası barədə bildiriş və inzibati məsulliyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu ödəməmişdir. Bugünkü tarixdə Şəxs İdarəyə dəvət edilmiş, borcunu tam şəkildə ödəməsi tələb edilmiş, lakin o, izahatında borcunu hissə-hissə ödədiyini bildirmişdir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, borclu icraata başlandığı gündən bugünədək cəmi 750 manat ödəniş etmişdir. Borclunun ödənilməyən 6.000 manat aliment borcu var. Mülkiyyətində ev olsada yeganə yaşayış yeri olduğuna görə üzərinə həbs qoyulmamışdır. Mülkiyyətində olan maşının üzərinə həbs qoyulması ilə bağlı məhkəmə qərarı var, lakin maşının axtarışı davam etdirilir. 17 may 2023-cü il tarixdə borclu barəsində İXM-in 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o daima yeganə övladına maddi dəstək göstərmişdir. Zərərçəkmiş şəxslə aralarındalı razılığa əsasən o aliment pulu olan 150 manatı hər ay Montosori uşaq bağçasına ödəmişdir. Mülkiyyətində bir evi var, onu da oğluna verəcəkdir. Hal-hazırda maddi imkanı olmadığına görə ödəniş edə bilmir. Lakin onun zərərçəkmiş şəxs X2 heç bir borcu qalmamışdır. Belə ki, o ad günlərində uşağa komyuter və plaşnet də almışdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirdi ki, borclu ona olan borcunu ödəməkdən qəsdən yayınır. Onun oğlu Montesorri uşaq bağçasına 2020-ci ildə 4,5 ay getmişdir.Sonradan müəyyən etmişdir ki, hal-hazırda evli olduğu qadın Montosorru uşaq bağçasının direktorunun bacısıdır. Təqdim etdiyi arayışda saxtadır. O, tələb etdiyi pullardan barəsində inzibati icraat aparılan şəxsin Montesorri uşaq bağçasında ödədiyi 4,5 aylıq ödənişi aliment borcundan çıxmışdır. O, borcludan borcun tam ödənilməsini tələb edir. Borcun ödənilmədiyi halda, onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(043)-3007/2018 nömrəli icra sənədindən görünür ki, cavabdeh Şəxs hər ay 150 manat aliment alınaraq iddiaçı X2 ödənilməlidir. xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(043)-3007/2018 nömrəli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Borclu Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. xx.xx.2021-ci il tarixli zərərçəkmiş şəxs Şəxs tərəfindən daxil olmuş ərizədən görünür ki, zərərçəkmiş şəxs 2550 manat aliment borcunun ödənilməsinin təmin edilməsi üçün Gəncə şəhər Ərazi İdarəsinə məktub göndərilmişdir. Ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs xx.xx.2018-ci il tarixli, 1(043)-3007/2018 nömrəli icra sənədi üzrə cəmi 750 manat ödəniş etmişdir. Montesorri uşaq bağçası tərəfindən veilmiş 12 mart 2017-ci il tarixli sənəddən görünür ki, Şəxs "xxxx" MMC təhsil mərkəzində azyaşlı oğlunun məktəbə qədər hazırlıq kursu ilə əlaqədar hər ay 150 manat məvacib ödəyir. 31 yanvar 2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. 21 fevral 2023-cü il tarixli Gəncə şəhər Məhkəməsinin qərardaddından görünür ki, borclu Şəxs mülkiyyətində olan “Daimler Chrysler C180” minik markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. 28 mart 2022-ci il tarixli Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 3(043)- 248/2022-ci il tarixli qərarı ilə Şəxs eyni icra sənədi üzrə məhkəmə qərarını üzürsüz səbəbdən icra etmədiyinə görə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati icraat aparılan şəxs Şəxs verdiyi izahatından görünür ki, o zərərçəkmiş şəxslə aralarındakı razılığa əsasən hər ay ödəməli olduğu 150 manat pulu Montesorri uşaq bağçasına ödəmişdir. Lakin bağçadan təqdim edilmiş arayışdan görünür ki, Şəxs tərəfindən ödəniş yalnız 2017-ci il tarixi üçün olmuşdur. Həmin tarixdə isə Şəxs aliment və ya hər hansı bir ödəniş etmək kimi öhdəliyi olmamışdır. Eyni zamanda arayışın sonunda 2020-ci il qeyd edilsə də arayışın çıxma tarixi kimi 2017-ci il göstərilmişdir. Bütün bunlara baxmayaraq hər bir halda 2020 ci ilə kimi ödəniş edilsə belə, bu məhkəmə qərarı ilə Şəxs hər ay 150 manat pulun zərərçəkmiş şəxs X2 ödəmək vəzifəsindən azad etmir. Borclu maddi imkanı olmadığını əsas gətirərək, borcunu ödəmədiyini bildirsə də, icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət nəzərə alındıqda bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmış, onun hal-hazırda icra sənədi üzrə 6000 min manat ödənilməmiş borcu qalmaqdadır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-967/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-967/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver