Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-970/2023 17.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Dəmiryolları QSC-də maşinist köməkçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY Y Ə N E T D İ: Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Gəncə şəhəri RQİ və TBŞ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlədib polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə dostu X5 ona sürücülük vəsiqəsi almaq istədiyini və Rusiya Federasiyasına getmək istədiyini bildirmişdir. O, Ruslanın imkanının aşağı olmasını bildiyindən ona Gəncə şəhəri RQİ və TBŞ-də köməklik edə biləcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Ruslanla birlikdə Gəncə şəhəri RQİ və TBŞ-nə getmişlər. O, Gəncə şəhəri RQİ və TBŞ-nın rəisinin qəbuluna girmiş, ondan xahiş etmişdir ki, dostu Ruslana sürücülük vəsiqəsinin verilməsinə köməklik göstərsinlər. Lakin həmin şəxs ona sürücülük vəsiqəsinin alınması üçün imtahanın 4-cü gün olacağını bildirmişdir. O da otaqdan çıxaraq digər şəxsin qəbuluna getmək üçün yuxarı mərtəbəyə qalıxmışdır. Orada isə onun qüruruna toxunan ifadə işlədildiyindən o, səs-küy salaraq inzibati binada olan kiçik ölçülü şəkilin şüşəsini sındırıb özünə xəsarət yetirmək istəmişdir. Lakin polis əməkdaşları onun bu istəyinin qarşısını almışlar. Az sonra ora Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları gəlmişlər, o və dostu Ruslan sakit şəkildə polis əməkdaşlarının tələbinə tabe olub Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə getmişlər. Etdiyi əməlin səbəbi isə Vətən Müharibəsində iştirak etdiyi zaman orada almış olduğu travmalar ilə bağlıdır. O, həmçinin üzvü mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə diaqnozu qoyulmuş xəstəlikdən əziyyət çəkir. Hazırda əməlindən peşmandır, bir daha belə əmələ yol verməyəcəyini, qeyd edilən xəstəlikdən əziyyət çəkməsini, o cümlədən Vətən Müharibəsində iştirak etməsinin, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri RQİ və TBŞ-nin əməkdaşı, polis mayoru X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman inzibati binaya xidməti iş otağına iki nəfər özünü qazi kimi təqdim edən şəxslər yaxınlaşaraq xala oğlu olduqlarını, sürücülük vəsiqəsi almaq üçün müraciət etdiklərini bildirdilər. Həmin vaxt o, onlara hüquq və vəzifələrini izah etmiş, X3 həftənin 4-cü günü imtahan günü olduğunu, həmin gün gəlib imtahanda iştirak etməsini, yəni bu gün sürücülük vəsiqəsini vermək mümkün olmadığını bildirmişdir. Bu vaxt həmin şəxs digər rəhbər şəxsin qəbuluna gedəcəyini bildirərək inzibati binanın yuxarı mərtəbəsinə qalıxaraq, orada səs-küy salmağa başladı və inzibati binada olan şəkilin şüşəsini sındırdı. Buna görə də ərazi aidiyyəti üzrə Gəncə şəhər BPİ-nin 4-cü PB-nə telefonla məlumat verilmişdir. Həmin vaxt 4-cü PB-nin Əməliyyat Qrupunun üzvləri dərhal oraya gəlmişlər. Ruslan Əliyev və Şəxs isə həmin vaxt sakitcə polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun dostudur. O, xx.xx.2023-cü il tarixdə dostu Şəxs sürücülük vəsiqəsi almaq istədiyini və Rusiya Federasiyasına getmək istədiyini bildirmişdir. Aydın isə ona Gəncə şəhəri RQİ və TBŞ-də köməklik edə biləcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Aydınla birlikdə Gəncə şəhəri RQİ və TBŞ-nə getmişlər. Aydın Gəncə şəhəri RQİ və TBŞ-nın rəisinin qəbuluna girmiş, lakin içərdə nə baş verməsindən onun xəbəri olmamışdır. Aydın oradan çıxdıqdan sonra Gəncə şəhəri RQİ və TBŞ-nın əməkdaşları Aydını aşağı düşürtmüşlər. Sonra Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlmişlər, o və dostu Aydın sakit şəkildə polis əməkdaşlarının tələbinə tabe olub Gəncə şəhər BPİ-nin 4cü Polis Bölməsinə gəlmişlər. İş materiallarına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 1135/2023 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin vaxt ayıq olmuşdur. İş materiallarında olan 16 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 may 2023-cü il tarixdə, saat 15:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsinin (№ İ-7900) surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsinin (№ İ-37448) surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ tərəfindən verilmiş 8500 nömrəli, 02 sentyabr 2022-ci il tarixli sənədin surətindən görünür ki, Şəxs “üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə F 07.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. Məhkəmə iclasında Şəxs xx.xx.2023-cü il tarixdə 15:30 radələrində Gəncə şəhəri RQİ və TBŞ-nin inzibati binasında ucadan səs-küy salması tam sübuta yetirilir. Qeyd olunanlarla yanaşı məhkəmə iclasında Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi iş materialları ilə sübut olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməli və onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsini və “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz ifadəsi, şahidlərin ifadələri və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsini, “Kəlbəcərin azad olunmasın görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini və yuxarıda qeyd edilən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-970/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-970/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver