Məhkəmə qərarları › İş №3(125)-974/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-974/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-974/2023 17.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə ŞBPİ 1-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ 1-ci polis şöbəsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə dostu X3 ilə birlikdə Gəncə şəhəri Səhiyyə İdarəsində olarkən ucadan nalayiq ifadələr işlədib ətrafda olan insanların diqqətini özünə cəlb etmiş və ondan sakitləşməsini tələb edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə ŞBPİ 1-ci polis şöbəsinin sahə rəisi X2 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, Gəncə şəhəri Nizami prospektindən yerləşən Səhiyyə İdarəsində adları sonradan ona məlum olan Şəxs və X3 ucadan səs-küy salıb nalayiq ifadələr işlətdikləri üçün onlara yaxınlaşmış və sakitləşdirməyə çalışmışdır. Lakin həmin şəxslər ona məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər, buna görə də o, həmin şəxsləri 1-ci polis şöbəsinə gətirmiş və protokol tərtib etmişdir. Bununla da Vidadi Manelov İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o və X3 2-ci Qarabağ müharibəsində iştirak etmişlər, qazidirlər. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, dostu X3 ilə birlikdə iş tələb etmək üçün Gəncə şəhəri, Nizami küçəsində yerləşən Səhiyyə idarəsinə getmişlər. Orada onlara iş vermədikləri üçün onlar əsəbləşərək səs-küy salmağa başlamışlar. Həmin vaxt polis əməkdaşları gəlmiş, onları sakitləşdirmişlər, sonra isə polis şöbəsinə gətirmişlər. Sonda o, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11-12 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən Səhiyyə İdarəsində 2 nəfər şəxsin ucadan səs-küy salması barədə daxil olmuş məlumat əsasında o, əməliyyat qrupu ilə birlikdə ora getmişdir. Onlar həmin yerə çatdıqda adları sonradan ona məlum olan Şəxs və X3 ucadan səs-küy salıb nalayiq ifadələr işlətdiklərini görmüşdür. Onlar həmin şəxslərə yaxınlaşaraq sakitləşdirməyə çalışmış, lakin həmin şəxslər polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişlər. Bundan sonra onlar həmin 2 nəfəri 1-ci polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 Maksim oğlu və Şahid3 Şahid1 ilə oxşar məzmunlu izahat vermişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün qismən etirafedici ifadəsi və şahidlərin ifadələri, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını və Vətən müharibəsi iştirakçısı olmasını onun məsuliyyəti yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs inzibati xətanı X3 ilə birlikdə bir qrup şəxs halında törətməsini onun məsuliyyəti ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar