Məhkəmə qərarları › İş №3(125)-975/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-975/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-975/2023 07.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, X2 xx.xx.2023-cü il tarixli, EQ 14376313 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 14376313 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 14376313 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat miqdarında cərimə olunmuşdur. O, "xxxx" ASC-də sürücü-inkassator vəzifəsində işləyir, idarə etdiyi “VAZ 21214 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC-yə məxsusdur. Həmin avtonəqliyyat vasitəsi xüsusi təyinatlı olmaqla, pul, qızıl-zinət və sair qiymətli əşyaların daşınmasına xidmət edir. Barəsində elektron qərar qəbul olunan zaman, yəni xx.xx.2023-cü il tarixdə, təxminən saat 10:32 radələrində xidməti işi ilə əlaqədar olaraq həmişə olduğu kimi "xxxx" ASC-nın Gəncə filialının qarşısında dayanmışdır. Həmin gün xidmət aparılması ilə əlaqədar olaraq digər inkassator əməkdaşlarını gözləmişdir. Barəsində bu qaydada qərar qəbul olunmasından xəbəri olmamış, həmin qərar ona xx.xx.2023-cü il tarixdə rəsmi qaydada poçt vasitəsilə göndərilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, qəbul olunmuş qərar əsassız və qanunsuzdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, idarə etdiyi avtonəqliyyat vasitəsi xüsusi təyinatlıdır. Ondan xüsusi daşınma zamanı istifadə olunur. Buna görə də həmin avtonəqliyyat vasitəsinin bankın qarşısında saxlanması zəruridir. Bu həm bankın vəsaitinin, həm də inkassator əməkdaşların təhlükəsizliyi üçün vacibdir. Göründüyü kimi Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu halları nəzərə almamışdır. İş üzrə inzibati qərarı qəbul etmiş DİN BDYPİ və şikayətçi T.B.Əliyev məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə prosesində iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 14376313 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsinə əsasən 20 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilmiş foto şəkildən görünür ki, “VAZ 21214 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmaq qadağandır yol nişanından sonra qadağan edilmiş yerdə saxlamışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X6 idarə etdiyi avtomobilin xüsusi təyinatlı nəqliyyat vasitəsi olduğunu və buna görə də dayanmaq qadağan edilmiş yerdə saxlamağa hüququ olduğunu bildirsə də, qanunvericilikdə belə hal nəzərdə tutulmamış, dayanmaq qadağan edilmiş yerlərdə inkassator avtomobilləri üçün istisna göstərilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş fotodan aydın görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:32:57 radələrində “VAZ 21214 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, H.Əliyev və İ.Məmmədov küçələrinin kəsişməsində dayanmaq qadağandır yol nişanından sonra qadağan edilmiş yerdə dayanmışdır. Göründüyü kimi Teyyub Əliyev barəsində törətdiyi inzibati xətaya görə qanuni şəkildə inzibati xəta haqqında qərar qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Həmin maddənin İV hissəsinin 10-cu bəndinə əsasən 3.27 yol nişanının (dayanmaq qadağandır) və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Həmin maddənin Vİ hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə durması qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Həmin maddənin V hissəsinə əsasən qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir: 3.2—3.8 — işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar; 3.2, 3.28—3.30 — Əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə; 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2023-cü il tarixli, EQ 14376313 nömrəli inzibati tənbeh vermə haqqında eletron qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X3 barəsində xx.xx.2023-cü il tarixli, EQ 14376313 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar