Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-975/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, “X2” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X2” ASC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair 21 fevral 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X2” ASC 64900.00 ABŞ dolları məbləğində vəsaiti 11 fevral 2022-ci il tarixdə xaricə köçürmüş, 2 il müddətin keçməsinə baxmayaraq, 51000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X2” ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, təmsil etdiyi ASC Qazaxstan Respublikasında dövlət qeydiyyatına alınmış "xxxx" MMC-dən latun çubuqların alınması üçün şirkətin hesabına 2022-ci ilin fevral ayında 64900 ABŞ dolları keçirmişdir. "xxxx" MMC sifarişi gecikdirməyə başlamış, bunu məhsulun istehsalında zəruri olan xammal çatışmazlığı ilə izah etmişdir. Belə olduğu halda, təmsil etdiyi ASC pulun geri qaytarılmasını tələb etmişdir. "xxxx" MMC eyni adlı MMC-nin Rusiya Federasiyasında dövlət qeydiyyatına alınması, Rusiya Federasiyasında beynəlxalq ticarət əməliyyatlarına qoyulmuş sanksiyalar çərçivəsində onların da hesablarının dondurulmasını “X2” ASC-ə bildirmişdir. Bu günə qədər həmin məsələ öz həllini tapmamışdır. 2022-ci ilin iyun ayında "xxxx" MMC məktubla müraciət edərək “Jusan Bank”da yeni hesab açdığını, həmin hesab üzrə yoxlama məqsədilə 900 ABŞ dollarını “X2” ASC-nin hesabına köçürməyə cəhd etməsini bildirmiş, pul hesabdan silinsə də “X2” ASC-nin hesabına daxil olmamışdır. Məhkəmədən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə “X2” ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə müqavilə dəyərinin 50% həcmində 64900 $ ABŞ dolları ilkin ödəniş olunmuşdur. "xxxx" ASC-nin tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli, PBG-OUT-00010-2024 saylı məktubda siyahıda təqdim olunan müştərilər vəsaitini "xxxx" ASC-də olan bank hesablarından müvafiq rekvizitlər üzrə köçürdüyü və “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na əsasən malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi göstərilmişdir, həmin məktuba əlavə edilmiş köçürmədən aydın olur ki, “X2” ASC tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" LLC-nin hesabına xx.xx.2022-ci il tarixli müqavilə əsasında "xxxx" ASC vasitəsilə 64900 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. “X2” ASC-nin 18 iyun 2022-ci il tarixli məktubundan görünür ki, ASC "xxxx" MMC-dən köçürülmüş avansın geri qaytarılmasını tələb etmişdir. "xxxx" MMC-nin 20 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, MMC avansın geri qaytarılmasında gecikməni xammal əldə edilməsində çətinlik, bank hesablarının dondurulması ilə izah etmiş, yeni açılmış hesabdan da köçürmənin test edildiyi, lakin uğursuz olması barədə ASC-ə məlumat vermişdir. Qanunvericiliyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 il müddətində müvafiq mallar ölkəyə idxal edilmədikdə, şəxsin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi yaranır. Lakin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Beləliklə məhkəmə hesab edir ki, “X2” ASC inzibati xəta törətməmiş, avans vəsaitinin geri qayıtmaması barəsində icraat aparılan hüquqi şəxsin iradəsindən asılı olmayan səbəbdən baş vermişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Odur ki, məhkəmə, inzibati xəta haqqında materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “X2” ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “X2” ASC barəsində xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-975/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-975/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver