Məhkəmə qərarları › İş №3(125)-979/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-979/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-979/2023 18.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ermənistanda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, dəfələrlə məhkum olunmuş, Gəncə şəhəri, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, ev 8, mənzil 3-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 may 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol, 18 may 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsindən vətəndaş X3 məxsus həyətyanı sahədən ümumi dəyərləri 90 manat olan qazan və samovarı gizli yolla oğurlamışdır. Qeyd edilən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsində müvafiq araşdırma aparılmış və 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis leytenantı Elgün Tağıyev tərəfindən qəbul edilmiş qərarla cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin təqsirkar şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. 2-ci polis şöbəsinin sahə rəisi Niyazi Hüseynov qeyd edilən qərar əsasında müvafiq inzibati araşdırma apararaq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsindən, X1 məxsus həyətyanı sahədən 85 manat dəyərində olan olan əlvan metal olan mis və latunu gizli yolla oğurlamışdır. Qeyd edilən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsində müvafiq araşdırma aparılmış və 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis polkovnik leytenantı İslam Əhmədov tərəfindən qəbul edilmiş qərarla cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin təqsirkar şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. 2-ci polis şöbəsinin sahə rəisi Niyazi Hüseynov qeyd edilən qərar əsasında müvafiq inzibati araşdırma apararaq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X5 tərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsindən həyətyanı sahədən ümumi dəyərləri 90 manat olan qazan və Gəncə şəhəri, Məhsəti qəsəbəsindən, həyətyanı sahədən 85 manat dəyərində olan olan əlvan metal olan mis və latunu gizli yolla oğurlamışdır. Həmin əşyaları satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. İmkanı olmadığından zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə bilmir. Etdiyi hərəkətdən səmimi peşmandır, gələcəkdə bir daha bu kimi hallara yol verməyəcəyini bildirmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 28 aprel 2023-cü il tarixli və 12 aprel 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, Şəxs barəsində toplanmış materiallar üzrə cinayət təqibinin başlanması rədd edilmiş, eyni zamanda onun barəsində inzibati xəta tərkibi olması müəyyən edilmişdir. İş materiallarında olan 17 may 2023-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs ACDİÜ AR məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.5, 144-1.2.8, 145.2.4, 145.2.5, 149.2.5, 180.1 və 66.3-cü maddələrinə əsasən 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə Xəzər rayon məhkəməsinin qərarı ilə 02 ay 29 gün əvvəl şərti olaraq azad olunub. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Şəxs 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.xx.xx.2020-ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti olaraq azad olunub. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu 17 may 2023-cü il tarixdən saat 20:40-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən izibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 17 may 2023-cü il tarixdən saat 20:40-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar