Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-98/2022 13.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. 13 iyul 2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, xx.xx.2022-ci il saat 15:20 radələrində Şəxs Gəncə şəhəri, A.Səhhət küçəsində saxlanılaraq Gəncə şəhər BPİnə gətirilmiş üzərinə baxış keçirilən zaman üzərindən təmiz çəkisi 0,054 qram kustar üsulla hazırlanmış heroin aşkar edilmişdir. Müəyyən edilmiş hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafından başqa, ekspert rəyi və digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, evinin yaxınlığından siqaret qutusunun içərisindən tapdığı narkotik vasitəni üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, A.Səhhət küçəsində yerləşən “Tural” şadlıq sarayının yaxınlığında olan zaman polis əməkdaşları onu saxlamış və narkotik vasitə saxlanılmasında şübhəli olduğu üçün onu Gəncə şəhəri BPİ-nə aparmışlar və üzərinə keçirilən baxış zamanı üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilmişdir. O, narkotik vasitə olan heroindən xeyli müddətdir mütəmadi olaraq istifadə etdiyini səmimi etiraf etmiş, bundan çox əziyyət çəkdiyini, müalicəyə ehtiyacı olduğunu bildirmişdir. Əməlindən peşmandır. Narkotik vasitədən uzaq olmaq üçün inzibati qaydada həbs olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs inzibati həbs tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: 12 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallarda cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti 1-ci PŞ-nin müvafiq bölməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2022-ci il saat 22:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Gəncə Regional bölməsindən verilmiş xx.xx.2022-ci il tarixli 16/820 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Şəxs üzərindən aşkar edilmiş 0,19 qram kütlə.” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,054 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şəxs qanunsuz olaraq narkotik vasitə olan heroini üzərində saxlamış və həmin maddədən istifadə etmişdir. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi səmimi etirafı, o cümlədən əməlindən peşman olması nəzərə alınmış və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 12 iyul 2022-ci il saat 22:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-98/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-98/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver