Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-981/2023 02.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X2, Musayev Musa Tofiq oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Xüsusi Tağım Yol patrul xidməti inspektoru Polis Baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edib, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Yeni Gəncə massivində özünə məxsus Mersedes Benz markalı 20ER033 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Xüsusi Tağım Yol Patrul Xidməti İnspektoru polis baş serjantı X4 tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona avtomobilin şüşəsinin qara olmasını irad bildirmiş və onlarda şüşə faizi ölçən aparat olmadığı üçün ona protokol təqdim edilmədən avtomobili cərimə meydançasına aparmışlar. Onu cərimə meydançasında iki saat gözlətdikdən sonra, ona məxsus Mersedes Benz markalı avtomobilin şüşəsinin şəffaflığını yoxlayıb tutqunluq kimi qeyd edib, guya şüşələr 56,6 faiz qaradır kimi qeyd etdilər. Halbuki bu tamamilə böhtandır, onun avtomobilinin ön alın şüşəsində örtük olmadığı halda o, İXM-in 342.2.4-cü maddəsinə əsasən 150 manat cərimə edilmişdir. O, həmin qərardan narazıdır. Həmin qərar qanunu pozmaqla tərtib edilmiş, eyni zamanda polis əməkdaşları onunla kobud rəftar etmişdir. Polis əməkdaşları avtomobilin şüşələrini dərhal yoxlamalı olduqları halda, onu cərimə meydançasına aparmışlar və orada onun iki saatdan çox vaxtını almışlar. Onun avtomobilinin şüşələri zavod istehsalı olaraq icazə verilən həddə tünddür. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında inzibati qərardan şikayət verən şəxs şikayətini müdafiə edib bildirmişdir ki, o, istifadəsində olan Mersedes Benz markalı 20ER033 nömrəli avtomobili 9 ildir ki, idarə edir. Onun avtomobilinin ön alın şüşəsində heç bir örtük yoxdur. O, polis əməkdaşlarından avtomobilində örtük olmasına dair videogörüntünün tələb edilməsini xahiş etmiş, əks təqdirdə barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gəncə şəhər DYPŞ-nin əməkdaşları ilə telefon vasitəsilə ilə əlaqə saxlanılmış, onlardan X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla bağlı sonuncunun idarə etdiyi Mersedes Benz markalı 20ER033 nömrəli avtomobilinin şüşələrinin örtüklə idarə edilməsinə dair video görüntü və toplanmış material tələb edilmişdir. Lakin Gəncə şəhər DYPŞ-nin əməkdaşları elə bir video görüntünün və materialın olmadığını bildirmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X3 İXM-in 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki şikayətçi X1 inzibati xəta törətməsi, idarə etdiyi nəqliyyat vasitəsinin ön alın şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsini təsdiq edən sübutlar, video görüntü və s. məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məhkəmə tərəfindən Gəncə şəhər DYPŞ ilə əlaqə saxlanılarkən YPX əməkdaşları həmin xətanın Bakı şəhərindən ezam olunmuş əməkdaşlar tərəfindən aşkar olunduğunu və həmin xəta barədə heç bir görüntü olmadığıı bildirmişlər. Buna görə də inzibati xətaya aid video görüntülər və ya başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən işə baxılarkən X1 idarə etdiyi nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-in 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X3 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-981/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-981/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver