Məhkəmə qərarları › İş №3(125)-983/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-983/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-983/2022 18.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X4, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 12 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, 4 nömrəli binanın qarşısında yerləşən həyətyanı bağ sahəsindən X1 məxsus bir ədəd dəmir setka qapını, bir ədəd dəmir vannanı, bir ədəd dəmir skamekanı, altı ədəd dəmir setkanı oğurlamaqla 100 manat məbləğində, 13 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən binanın zirsəmisinin X3 məxsus dəmir qapısını oğurlamaqla 320 manat məbləğində ziyan vurmaqla xırda talama əməlləri törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən xx.xx.2022ci il tarixli, MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokolda qeyd olunan əməllər həqiqətən də onun tərəfindən törədilmişdir. O, bu əməli maddi imkansızlıqla əlaqələndirmişdir. Hazırda zərərçəkmiş şəxslərdən X3 dəymiş ziyanı ödəmiş, digər zərərçəkmiş şəxsə dəymiş ziyanı isə ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs ona məxsus 320 manat dəyərində dəmir qapını oğurlamış, hazırda ona vurulmuş zərər tam şəkildə ödənilmiş və Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısının 17 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, 12 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, 4 nömrəli binanın qarşısında yerləşən həyətyanı bağ sahəsindən X1 məxsus 100 mant dəyərində - bir ədəd dəmir setka qapını, bir ədəd dəmir vannanı, bir ədəd dəmir skamekanı, altı ədəd dəmir setkanı oğurlamasına, 13 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən binanın zirsəmisinin X3 məxsus 320 manat dəyərində dəmir qapını oğurlamasına görə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Şəxs ilə barışmış və ona dəymiş zərər tam ödənilmişdir. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında ******* saylı protokoldan görünür ki, Şəxs 17 noyabr 2022-ci il tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını və zərərçəkmiş şəxslərdən birinə dəymiş zərərin tam ödənilməsini İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda təbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını və zərərçəkmiş şəxslərdən birinə vurulmuş zərərin tam ödənilməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu 17 noyabr 2022-ci il tarixdə saat 13:00-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2022-ci il tarixdə saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar