Məhkəmə qərarları › İş №3(125)-986/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-986/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-986/2023 31.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 19 may 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1585/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində alimentin tələbkar Zülfiqarova (Tağıyeva) Vahidə Rövşən qızının xeyrinə tutulması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə göstərilən borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu Şəxs 2063 manat ödənilməmiş aliment borcu qalmışdır. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verib bildirdi ki, Şəxs aliment ödənişlərini mütəmadi olaraq gecikdirmişdir. İnzibati xəta törətmiş şəxs 19 may 2023-cü il tarixli məhkəmə iclasından sonra 450 manat ödəniş etmiş və hər ay alimenti eləcə də borcundan bir hissəni vaxtında ödəyəcəyinə söz vermişdir. Ona görə də, Şəxs hazırda inzibati məsuliyyətə cəlb edilməsini istəmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun alimenti ödəməkdən yayınmaq niyyəti yoxdur. Daha əvvəl də alimenti hissə-hissə ödəmişdir. Fərdi əməklə məşğul olaraq günəmuzd fəhlə işlədiyindən alimenti mütəmadi olaraq və tam ödəyə bilməmişdir. Hazırda işləyir və vaxtıvaxtında alimenti və hər ay borcundan bir hissəni ödəyəcəkdir. Aliment öhdəliyini başa düşür və bir daha borcun gecikdirilməsinə yol verməyəcəkdir. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1585/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, tərəflərin nikahından doğulmuş 17 aprel 2016-cı il təvəllüdlü X6 nikah pozulduqdan sonra anası X1 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub X2 verilməsi, alimentin tutulmasının 12 aprel 2021-ci il tarixdən hesablanması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1585/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-90/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1585/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Şəxs icra sənədlərini icra etməsi üçün möhlət verilmiş, ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıqlar edilmişdir. 09 dekabr 2022-ci il tarixdə borclu Şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar icra orqanının rəhbəri tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs alimenti vaxtında ödəmədiyi üçün yığılmış əvvəlki aliment borcunun olmasına əsaslanaraq icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Şəxs sabit gəlirinin olmaması, icra sənədi üzrə tələbi tam icra etməsə də, ardıcıl surətdə müxtəlif məbləğlərdə ödənişlər etməsi, məhkəmədə işə baxılarkən aliment borcundan 450 manat ödəməsi ümumilikdə onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Şəxs icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməməsi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar yoxdur. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar