Məhkəmə qərarları › İş №3(125)-987/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-987/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-987/2023 19.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. 19 may 2023-cü il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki Şəxs Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yaşayan X3 məxsus həyətyanı sahədən 90 manat dəyərində 1 ədəd su kranı, 1 ədəd su nasosu və 1 ədəd su qızdırıcısını oğurlamışdır. 19 may 2023-cü il tarixli MN № ******* protokolda qeyd edilir ki, Şəxs Gəncə şəhəri, M.Xələfov küçəsi, 43 nömrəli mənzildə yaşayan X4 məxsus 150 manat dəyərində olan su mühərrikini oğurlamışdır. 19 may 2023-cü il tarixli MN № ******* protokolda qeyd edilir ki, Şəxs ünvan 1 ünvanında yerləşən binanın zirzəmisindən ümumilikdə 84 manat dəyərində kanalizasiya borularını oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X5 inzibati xəta haqqında protokollarda qeyd olunmuş əməllərin Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokollarda qeyd olunan əməllər həqiqətən də onun tərəfindən maddi imkansızlıqdan törədilmişdir. O, ilk dəfə 2023-cü ilin fevral ayında belə bir əməl törətmişdir. Ümumilikdə fevral-mart aylarında üç dəfə oğurluq etmiş, tanımadığı şəxslərə məxsus su nasosları, işləməyən su qızdırıcısı, su kranı və çuqun kanalizasiya borusu oğurlamışdır. Götürdüyü əşyaları tanımadığı metal qırıntıları yığan şəxslərə satmışdır. Hazırda törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəmək üçün maddi imkanı yoxdur. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısının 21 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, naməlum şəxs (şəxslər) tərəfindən ünvan 2 ünvanında yerləşən X13 Törəmə ASC-nin balansında ola 84 manat dəyərində çuqun kanalizasiya borularının gizli yolla oğurlanaraq zərərçəkmiş şəxsə 84 manat maddi ziyan vurulmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısının 27 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, naməlum şəxs (şəxslər) tərəfindən X4 məxsus olan, bir ədəd 150 manat dəyərində su mühərrikinin gizli yolla oğurlanaraq zərərçəkmiş şəxsə 150 manat maddi ziyan vurulmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısının 10 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, naməlum şəxs (şəxslər) tərəfindən X2 məxsus olan 1 ədəd su kranı, 1 ədəd su nasosu və 1 ədəd su qızdırıcısının gizli yolla oğurlanaraq zərərçəkmiş şəxsə 90 manat maddi ziyan vurulmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 18 may 2023-cü il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən, eləcə də məsuliyyətdən azad edilmə üçün əsaslar, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti istisna edən, eləcə də məsuliyyətdən azad edilmə üçün əsaslar, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla onun barəsində tərtib olunmuş protokollar üzrə müəyyən edilmiş əməllərə görə ayrı-ayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və təyin edilmiş tənbeh müddətləri qismən toplanılmaqla ona qəti tənbeh verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək ona MN ******* saylı protokolda göstərilmiş inzibati xətaya görə 1 (bir) ay müddətində, MN ******* saylı protokolda göstərilmiş inzibati xətaya görə 1 (bir) ay müddətində, MN ******* saylı protokolda göstərilmiş inzibati xətaya görə 1 (bir) ay müddətində inzibati həbs növündə tənbeh təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 18 may 2023-cü il saat 17:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar