Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-988/2023 19.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinin polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri, N.Nərimanov küçəsi 98/33 saylı ünvanda yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 18 may 2023-cü il tarixdə “X8” markalı, 99 LN-385 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri inzibati ərazidə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs 18 may 2023-cü il tarixdə “X8” markalı, 99 LN-385 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri H.Əliyev prospektində Maseratti Ghibli markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürət yarışı etmiş, bu zaman yol hərəkəti qaydalarını mütəmadi pozmuş, o cümlədən svetoforun qadağanedici işığı yanarkən yolayrıcını keçmiş, manevretmə və ötmə qaydalarını pozmuş, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə tərzdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Buna görə də onun hərəkətləri avtoxuliqanlıq kimi qiymətləndirilmişdir. Bundan sonra Şəxs dəvət edilərək izahatı alınmış, izahatında Şəxs həmin inzibati xətanın onun tərəfindən törədildiyini etiraf etmişdir. Protokolda qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyi tam şəkildə sübuta yetirildiyindən onu məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:53 radələrində dostu X3 etibarnamə ilə məxsus olan “X8” markalı, 99 LN-385 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ağ rəngli Maseratti markalı avtomobil onun yanından sürətlə keçmiş, o da həmin avtomobilin arxasınca yüksək sürətlə hərəkət edərək Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə” otelin qarşısında olan svetoforun qadağanedici işığında yol ayrıcına daxil olub idarə etmiş, prospektin sonunda 3 saylı xəstəxananın qarşısında yolun əks istiqamətində ağ rəngli avtomobil çıxıb hərəkət etdiyi üçün onun arxası ilə getmiş, bundan sonra 3 nömrəli xəstəxananın dairəsindən sağa dönərək İsmət Qayıbov küçəsindən yol ayrıcından həmin avtomobillə birlikdə dövr edib geri qayıtmış, lakin həmin avtomobilin sahibini tanımamışdır. Həmin avtomobil yanından sürətlə keçib getdiyi üçün bir anlıq hisslə onu ötməyə çalışmışdır. Etdiyi hərəkətlərdən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Vətən müharibəsi iştirakçısı olmasını, gənc olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntülərə baxış keçirilərkən müəyyən edildi ki, “X8” markalı, 99 LN-385 dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən başqa bir nəqliyyat vasitəsi də onunla paralel yüksək sürətlə hərəkət edir. Bu zaman hər iki nəqliyyat vasitəsi təhlükəli manevrlər edərək bir-birini ötməyə çalışır, svetoforun qadağanedici işığında dayanmayaraq hərəkəti davam etdirirlər, bu zaman yolayrıcında dayanmış digər nəqliyyat vasitələrini təhlükəli manevrlərlə ötürlər və 3 nömrəli xəstəxana istiqamətində hərəkəti davam etdirirlər. Sonrakı kamera görüntüsündə onların prospektin iki qarşılıqlı hərəkət hissəsinə ayrılmış yerində əks istiqamətli hərəkət hissəsi ilə hərəkət edərək H.Əliyev prospektinin sonunda, 3 nömrəli xəstəxananın qarşısındakı dairəyə 2.5. - “dayanmadan keçmək qadağandır” nişanının tələbinə məhəl qoymadan, dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol vermədən daxil olub sağa dönərək, İ.Qayıbov küçəsi ilə kəsişmədən geriyə dönmə manevri etdikləri müşahidə edilir. Şəxs İXM-in 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol və videogörüntü ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs idarə etdiyi avtomobillə başqa bir avtomobil ilə aşkar surətdə sürət yarışı keçirmiş, şəhərin mərkəzi hissəsində yol hərəkət qaydalarını mütəmadi şəkildə pozmuş, yol hərəkətinin digər iştirakçıları və ətrafdakı şəxslərə, ictimai qaydaya və əhalinin dincliyinə etinasızlıq nümayiş etdirmişdir. Şəxs inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, Azərbaycan Respublikası İXM-in 511.1.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Eyni zamanda ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh - nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması da tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(125)-988/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-988/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver