Məhkəmə qərarları › İş №3(125)-994/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-994/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-994/2024 15.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin İX Tağım YPX-nin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin İX Tağım YPX-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı-Qazax yolunun 401-ci kilometrliyində idarə etdiyi İSUZU NPR661 YÜK markalı ** JO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi baş verdiyinə görə İX Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X6 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib etmişdir. Həmin qərarla ona 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Odur ki, inzibati xəta törətmədiyinə görə barəsində bu maddə ilə olan işin icraatına xitam verilməlidir. Belə ki, yol nəqliyyat hadisəsi baş versə də, onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Yəni idarə etdiyi nəqliyyat vasitəsini avtomaşının məxsus olduğu "xxxx" MMC şirkətinin ona verdiyi 01 yanvar 2024-cü il tarixli etibarnaməsi əsasında idarə edir. Lakin həmin gün etibarnamə üstündə olmadığı üçün o, yol patrul xidmətinin inspektoruna bildirdi ki, onun etibarnaməsi vardır, imkan versin 3 saat ərzində təqdim etsin. Lakin inspektor hətta onun mobil telefondan çıxarıb təqdim etdiyi etibarnaməni saya salmayaraq bildirdi ki, bu kserosurətdir. O, bildirdi ki, kserosurətin əslini onlara təqdim edəcək, lakin inspektor etibarnamənin əslini təqdim etsə də yenə də qərəzli olaraq haqqında İXM-nin 332.1-ci maddəsi ilə inzibati protokol tərtib etdi. Beləliklə, nəyə görə o, heç bir inzibati xəta törətmədiyi halda barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, bildirdi ki, o, qərarda qeyd edilən inzibati xətalardan yalnız İXM-nin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, lakin qərarda qeyd edilən digər inzibati xətanı, yəni İXMnin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Belə ki, sözügedən qərar tərtib olunan zaman onun idarə etdiyi avtomobilə etibarnaməsi olmuşdur. Ona görə də barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 01 yanvar 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC şirkətinə məxsus olan İsuzu NPR yük avtomobili (qeydiyyat nömrəsi **-JO- ***, mühərrik 693408 şassi JAMKP34G187P25861) X1 vəsiqəsi AC 669117 olduğu halda etibar edilir. Etibarnamə 31 dekabr 2024-cü ilə qədər verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin mənasından aydın şəkildə görünür ki, inzibati xətanın törədilməsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi ilə bağlıdır. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamə məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qərar İXM-nin 332.1-ci maddəsinə münasibətdə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə yenidən qərar qəbul edilməlidir. Belə ki, məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin izahatından və şikayət ərizəsindən müəyyən olunur ki, qərardan şikayət vermiş şəxs özünü yalnız İXM-nin 327-ci maddəsi ilə təqsirli bilir, İXM-nin 332.1-ci maddəsinə münasibətdə isə özünü təqsirli bilmir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini və sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından verilmiş şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İX Tağım Yol patrul xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar