Məhkəmə qərarları › İş №3(125)-998/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-998/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-998/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, protokolu tərtib edən şəxs X6, X1 iştirakı ilə, X2 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirdi ki, o, 20 may 2023-cü il tarixdə idarə etdiyi X11 minik markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Əziz Əliyev prospektində sol zolaqda sola dönmə siqnalını yandırmaqla hərəkətdə olan zaman VAZ 21011 markalı avtomobil yüksək sürətlə hərəkət edərkən ötmə qaydalarını pozmuş və onun idarə etdiyi nəqliyyat vasitəsinə sol tərəfdən çırpılaraq qəza törətmişdir. Hadisə yerinə gələn Gəncə şəhəri X10 şöbəsinin kiçik leytenantı X8 videogörüntüyə baxdıqdan sonra hadisədə onu təqsirli bilərək barəsində 20 may 2023-cü il tarixli İXP ******* saylı protokol tərtib etmiş və 40 manat cərimə edilmə haqqında TP ******* saylı qərar qəbul etmişdir. O, manevr etmə qaydalarını pozmamış və xəta törətməmişdir. Əksinə VAZ 21011 markalı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” Qanunun 51 maddəsinin İ bəndinin 2-ci yarım bəndinin tələblərini pozaraq ötmə əməliyyatını pozmuş və xəta törətmişdir. Lakin Gəncə şəhəri X10 Şöbəsinin kiçik leytenantı X8 hadisni düzgün araşdırmadan səhv qərar qəbul etmişdir. Sonda o, barəsində olan qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı tərtib etmiş X8 hadisə yerinin müşayiət kamerası ilə çəkilmiş DVD disk və inzibati xəta üzrə materialları təqdim edərək bildirmişdir ki, 20 may 2023-cü il tarixdə X3 idarə etdiyi X11 minik markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Əziz Əliyev prospektində sola dönmə siqnalını yandırmaqla hərəkətdə olan zaman yolun orta zolağında hərəkət etmiş, nəticədə manevr qaydasını pozaraq qəza törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilmiş diskdə olan videogörüntüdən görünür ki, X3 idarə etdiyi X11 minik markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Əziz Əliyev prospektində sola dönmə siqnalını yandırmaqla yolun orta zolağında hərəkətdə olan zaman, sol zolaqda hərəkət edən VAZ 2107 markalı avtomobili buraxmalı olduğu halda, buna əməl etməyərək sola dönür, nəticədə həmin avtomobillə toqquşaraq qəza törədir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X7 şikayətdə göstərdiyi halı, manevr qaydalarını pozmamasını, VAZ 21011 markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını pozmasını sübut edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş diskdən aydın görünür ki, o, idarə etdiyi X11 minik markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Əziz Əliyev prospektində orta zolaqda sola dönmə siqnalını yandırmaqla hərəkətdə olan zaman arxasından sol zolaqla gələn avtomobili gözləmədən sola manevr edərək qəza törətmişdir. Halbuki o, sola dönməzdən əvvəl arxasından sol zolaqla gələn avtomobili burxaraq yolun sol hissəsinə keçməli və döngəyə çatdıqda dönməli idi. Göründüyü kimi Reyhan İsgəndərova barəsində törətdiyi inzibati xətaya görə qanuni şəkildə inzibati xəta haqqında qərar qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin maddənin İİİ hissəsinə əsasən dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Həmin maddənin V hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin maddənin Vİ hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X3 barəsində xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar