Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-21/2026 09.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI TMİB PHŞ-nin ləğvetmə komissiyasının sədri Məmmədli Tahir Gəray oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından verilmiş şikayət üzrə Açar sözlər: Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın icrası məcburi olan göstərişinin yerinə yetirilməməsi əsası ilə protokol tərtib olunmuş, vəzifəli şəxsin inzibati xətaya görə təqsiri müəyyən olunmamış, iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmiş Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, Məmmədli Tahir Gəray oğlunun və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi Quliyev Ərşad Rəşad oğlunun iştirakı ilə, Məmmədli Tahir Gəray oğlunun Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 23 yanvar 2026-cı il tarixli, MN seriyalı, 0026123 nömrəli qərarından verilmiş şikayət üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 3(5-88)-60/2026 nömrəli, 23 fevral 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: I. Birinci instansiya məhkəməsində icraat
1. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Məmmədli Tahir Gəray oğlunun barəsində tərtib olunmuş 13 yanvar 2026-cı il tarixli, MN seriyalı, 2112199 nömrəli inzibati xəta haqqında protokola əsasən vətəndaş Məmmədov Vüsal Ələkbər oğlunun 08.09.2025-ci il tarixli müraciəti Dövlət Əmək Müfəttişliyi Xidmətində araşdırılarkən TMİB PHŞnin ləğvetmə komissiyası tərəfindən təqdim olunmuş 26.08.2026-cı il tarixli sənədlərdən birliyin keçmiş sədri V.Məmmədova 2025-ci ilin may ayının mükafatının ödənilmədiyi məlum olmuş, ödənişin təmin edilməsi məqsədilə 14.11.2025-ci il tarixdə icrası məcburi göstəriş verilmiş, qeyd olunan müddətdə göstərişin icrası təmin edilməmiş, nəticədə Məmmədli Tahir Gəray oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törətdiyi göstərilmişdir.
2. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Əliyeva) 23 fevral 2026-cı il tarixli 3(5-88)- 60/2026 nömrəli qərarı ilə Məmmədli Tahir Gəray oğlunun şikayəti təmin edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 yanvar 2026-cı il tarixli, MN seriyalı, 0026123 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayət və şikayətin dəlilləri
3. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Əliyeva) 23 fevral 2026-cı il tarixli 3(5-88)- 60/2026 nömrəli qərarından Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2026-cı il tarixli 3(5- 88)-60/2026 nömrəli qərarının ləğv olunmasını və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 yanvar 2026-cı il tarixli MN 0026123 nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov şikayəti onunla əsaslandırmışdır ki, Məmmədov Vüsal Ələkbər oğlunun 8 sentyabr 2025-ci il tarixli müraciəti Xidmət tərəfindən araşdırılmış və aparılmış araşdırma zamanı Birliyin ləğvetmə komissiyası tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Məmmədov Vüsal Ələkbər oğluna 2025-ci ilin may ayı üzrə nəzərdə tutulmuş mükafat ödənişi faktiki olaraq həyata keçirilməmiş, buna görə də, Məmmədov Vüsal Ələkbər oğluna 2025-ci ilin may ayı üzrə nəzərdə tutulmuş mükafatının ödənilməsi ilə bağlı Xidmət tərəfindən Birliyin ləğvetmə komissiyasının sədri Məmmədli Tahir Gəray oğluna icrası məcburi olan göstəriş verilmiş, lakin göstəriş yerinə yetirilməmiş, həmin fakt Birliyin direktoru tərəfindən imzalanmış 7 may 2025-ci il tarixli, 76 nömrəli “Mükafatın verilməsi haqqında” əmrdə, eləcə də 2025-ci ilin may ayı üzrə ştatda olan işçilərin mükafat cədvəlində öz təsdiqini tapmış, beləliklə, mövcud sənədlərdən açıq şəkildə görünür ki, iddiaçıya mükafatın verilməsi barədə hüquqi əsas mövcud olmuş, lakin bu ödəniş faktiki olaraq həyata keçirilməmiş, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Birliyin Müşahidə Şurasının 12 iyun 2024-cü il tarixli, 1 nömrəli əmrinə əsasən Məmmədov Vüsal Ələkbər oğlu Birliyin icraçı direktoru vəzifəsinə təyin edilmiş, həmçinin Birliyin fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən Nizamnamə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin 20 oktyabr 2023-cü il tarixli, 207-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş, həmin Nizamnaməyə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Birlik publik hüquqi şəxs statusuna malik olmaqla müstəqil qurum hesab olunur. Bu səbəbdən də Birliyin icraçı direktoru vəzifəsinə təyin olunmuş Məmmədov Vüsal Ələkbər oğlu əmək münasibətlərinin subyekti kimi işçi statusuna malikdir və əmək qanunvericiliyinin ona verdiyi bütün hüquqlardan, o cümlədən əmək haqqı, mükafat və digər ödənişlərdən istifadə etmək hüququna malikdir. Məmmədov Vüsal Ələkbər oğluna mükafatın verilməsi barədə rəsmi əmrin mövcud olmasına baxmayaraq həmin mükafatın ödənilməməsi əmək qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən ləğvetmə prosesində olan Birliyə ünvanlanmış 9 fevral 2026-cı il tarixli məktuba münasibətdə qeyd olunmalıdır ki, Birliyin Nizamnaməsinin 5.2-ci maddəsinə əsasən qurumun əmlakı və maliyyə vəsaitləri nizamnamə fondundan, təsisçi tərəfindən verilmiş əmlakdan, dövlət büdcəsindən və icbari tibbi sığorta fondundan ayrılan vəsaitlərdən, fəaliyyəti nəticəsində əldə olunmuş gəlirlərdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunvericiliklə qadağan edilməyən digər maliyyə mənbələrindən formalaşır. Birlik hüquqi şəxs statusuna malik olduğundan onun işçilərinə ödənilməli olan əmək haqqları, mükafatlar və digər ödənişlər Birliyin öz maliyyə vəsaitləri hesabına həyata keçirilməlidir. Bu baxımdan Birliyin əmək münasibətlərindən irəli gələn öhdəliklərinin icrasının başqa dövlət qurumlarının, o cümlədən Maliyyə Nazirliyinin üzərinə qoyulması hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. Əksinə, əmək münasibətlərindən irəli gələn öhdəliklərin icrası birbaşa olaraq işəgötürən qismində çıxış edən hüquqi şəxsin - yəni Birliyin ləğvetmə komissiyasının sədri Məmmədli Tahir Gəray oğlunun məsuliyyəti daxilindədir. Məmmədov Vüsal Ələkbər oğlunun 2025-ci ilin may ayı üzrə mükafat ödənişinin həyata keçirilməməsi onun əmək hüquqlarının pozulmasına səbəb olmuş və mövcud sənədlər bu faktı tam şəkildə təsdiq edir. Bu səbəbdən də iş üzrə qəbul edilmiş məhkəmə aktlarında bu halların lazımi qaydada qiymətləndirilməməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
5. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi Quliyev Ərşad Rəşad oğlu şikayətə uyğun izahat verərək əlavə olaraq Tibb Müəssisələri İdarəetmə Birliyinin müstəqil balansının olduğunu, öz hesabına həmin mükafatın ödənilməli olduğunu, hakimin xidmət tərəfindən işçinin əmək və sosial hüquqlarının qorunması məqsədilə verilmiş icrası məcburi olan göstərişin yerinə yetirilib-yetirilməməsi məsələsinə baxmalı olduğunu, həmin göstərişdə müddətin müəyyən edildiyini, lakin həmin müddət ərzində göstərişin yerinə yetirilmədiyini, göstərişin icra olunmamış olaraq qaldığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Suallara cavabında Vüsal Məmmədovla əmək müqaviləsinin bağlanılmadığını, yenidən əmək müqaviləsi bağlanılması imkanının olmadığını, hər bir halda əmr varsa, mükafatın ödənilməli olduğunu, Ləğvetmə Komissiyasının Maliyyə Nazirliyinin nəzarətindən kənar şəxsə pul ödəyə bilməsi imkanının olub-olmaması məsələsini araşdırmadığını bildirdi.
6. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Məmmədli Tahir Gəray oğlu hərəkətsiz qalmadığını, Vüsal Məmmədovun Tibb Müəssisələri İdarəetmə Birliyinin icraçı direktoru vəzifəsində işlədiyini, onun Müşahidə Şurası tərəfindən təyin olunduğunu, Müşahidə Şurasının Nazirlər Kabineti tərəfindən yaradıldığını, Müşahidə Şurasına sədr təyin edildiyini, həmin sədrin icraçı direktoru təyin etdiyini, 01 may tarixində Ali Məclisin qərarı ilə Tibb Müəssisələri İdarəetmə Birliyinin tabeliyində olan xəstəxanaların alınaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilməyə başlandığını, beləliklə ləğvetmə prosesinin başlamış olduğunu, 07 may tarixində, yəni üzərindən 6 gün keçdikdən sonra Vüsal Məmmədovun bütün əməkdaşlara mükafat verilməsi ilə bağlı əmri imzaladığını, özünün də adını həmin əmrdə qeyd etdiyini, Vüsal Məmmədovun may ayının 1-də ləğetmə prosesi başladığı halda özünə mükafat əmri yazdığını, daha sonra may ayının 15-də Müşahidə Şurasının əmri ilə artıq may ayının 16-dan işdən azad olunduğunu, may ayını tam işləmədiyini, mükafatın rəhbər tərəfindən işçilərə, rəhbərə isə ondan yuxarı şəxs tərəfindən yazıldığını, Tibb Müəssisələri İdarəetmə Birliyinin müstəqil balansa sahib olmadığını, Tibb Müəssisələri İdarəetmə Birliyinin Naxçıvan MR İcbari Sığorta üzrə Dövlət Agentliklərindən vətəndaşların məvaciblərindən ayrılan sığorta haqlarından formalaşan bir büdcədən qidalandığını, Vüsal Məmmədovun şikayətindən sonra müvafiq addımlar atmağa başladığını, Naxçıvan MR İcbari Sığorta üzrə Dövlət Agentliyinə məktublar yazdığını, Nazirlər Kabinetinin məsul əməkdaşları ilə şifahi olaraq danışdığını, Nazirlər Kabinetinin Baş nazirin sərəncamında dəyişiklik etdiyini, lakin Maliyyə Nazirliyinin həmin məbləği ötürmədiyini, dəfələrlə məktub yazdığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Suallara cavabında Muxtar Respublikada bütün maliyyə proseslərinin Maliyyə Nazirliyi tərəfindən həyata keçirildiyini, publik hüquqi şəxslərin də ödənişlərinin dövlət orqanları kimi Maliyyə Nazirliyinə göndərildiyini, Nazirliyin onları yoxladığını, sonra təsdiq etdiyini, banka göndərdiyini, bankın da təsdiq etdikdən sonra bankomat kartlarına ötürüldüyünü, işçilər may ayının sonuna kimi işlədiyi üçün onlara mükafat ödənildiyini, Maliyyə Nazirliyinə Dövlət Əmək Müfəttişliyi Xidmətinin icrası məcburi olan göstərişini göndərdiyini, Vüsal Məmmədovun Naxçıvan Şəhər Məhkəməsində qeyd edilən məsələ ilə bağlı iddia qaldırdığını bildirdi. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
7. Maddə 539.1-1. Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
8. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
9. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. (Qanunçuluq prinsipi)
10. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. (Təqsirsizlik prezumpsiyası prinsipi)
11. Maddə 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. IV. Məhkəmənin hüquqi mövqeyi
12. Məhkəmə işin materiallarını, tərəflərin izahatlarını, tətbiq edilən hüquq normalarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, sübutlara obyektiv və hərtərəfli qiymət vermişdir.
13. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məsuliyyətin yaranması üçün zəruri olan əsas elementlərdən ən biri şəxsin təqsiridir. Hazırkı inzibati xətaya dair icraat üzrə təqsir Dövlət Əmək Müfəttişliyi tərəfindən sübuta yetirilməli olan bir prosessual vəzifədir. Dövlət Əmək Müfəttişliyi şikayətində yalnız obyektiv tərəfin, yəni mükafatın ödənilmədiyinin mövcudluğuna istinad edir. Lakin həmin faktın mövcudluğu özlüyündə şəxsin təqsirli olmasının sübuta yetməsi demək deyildir. Belə ki, Məmmədli Tahir Gəray oğlu mükafat ödənişinin həyata keçirilməsi istiqamətində zəruri və ardıcıl hərəkətlər etmiş, o cümlədən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə rəsmi müraciətlər ünvanlamışdır. Şəxsin öz iradəsindən kənar olan üçüncü tərəfin hərəkətlərindən irəli gələn maneəyə görə məsuliyyətə cəlb olunması əsaslı hesab edilə bilməz. Mükafatın ödənilməməsi bilavasitə Məmmədli Tahir Gəray oğlunun iradəsindən asılı olmayan obyektiv səbəblərlə bağlı olmuşdur.
14. İş materiallarında olan Ləğvetmə Prosesində olan Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi Publik Hüquqi Şəxsin Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış 29 oktyabr 2025-ci il tarixli, X/O-28 nömrəli məktubda Maliyyə Nazirliyinin ödənişin həyata keçirilməsindən imtina etməsini V.Məmmədovun özü-özünə mükafat yazmasının maliyyə pozuntusu təşkil etməsi ilə əsaslandırması, bu mövqenin özbaşına irəli sürülmüş bir mövqe deyil, publik hüquqi şəxsin icraçı direktorunun öz əmri ilə özünə mükafat təyin edə bilməməsi prinsipi müəssisənin Müşahidə Şurasının 5 mart 2025-ci il tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş Həvəsləndirmə Qaydası ilə birbaşa müəyyən edilməsi göstərilmişdir. V.Məmmədov isə 16 may 2025-ci il tarixdə vəzifəsindən azad edildiğindən may ayını tam ay işləməmiş, may ayının 1-dən TMİB-in fəaliyyəti faktiki olaraq dayandırılmışdır.
15. Dövlət Əmək Müfəttişliyi mübahisənin mahiyyətini araşdırmadan, yalnız ödənişin həyata keçirilmədiyi faktını əsas götürərək Məmmədli Tahir Gəray oğlu barəsində inzibati məsuliyyətin tətbiqinə yönəlmiş göstəriş vermiş və protokol tərtib etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına əsasən isə bu, Dövlət Əmək Müfəttişliyinin səlahiyyət hüdudlarının aşılmasıdır. V.Məmmədovun mükafat tələbi mahiyyəti etibarı ilə fərdi əmək mübahisəsidir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati xəta haqqında işin toplanmış materiallarından açıq şəkildə görünür ki, Məmmədli Tahir Gəray oğlunun hərəkətsiz qaldığı sübuta yetirilməmişdir. Dövlət Əmək Müfəttişliyi yalnız nəticəyə - mükafatın ödənilmədiyinə diqqət yetirmiş, lakin bu nəticənin hansı səbəbdən yarandığını, həmin səbəbin şikayət verən şəxsin təqsiri ilə bağlı olub-olmadığını araşdırmamışdır.
17. İş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirəm ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynovun şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2026cı il tarixli 3(5-88)-60/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2026-cı il tarixli 3(5-88)-60/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Hakim Mehdi Əliyev