Məhkəmə qərarları › İş №3(3-1)-34/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-34/2026

02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-34/2026 02.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş Açar sözlər: Pul tələbinə dair icra sənədindəki tələbin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsinə görə protokol tərtib olunmuş, birinci instansiya məhkəməsində icraata xitam verilmiş, zərərçəkmiş (tələbkar) tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya icraatında inzibati həbs təhbehi verilmiş. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Culfa rayon Vəkil Bürosunun vəkili Nümayəndə, protokol tərtib etmiş icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ##.##.1985-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: *******), evli, 2 uşaq atası, orta təhsilli, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli icraata xitam verilməsinə dair qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi əsasında verilmiş ## ###### 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 23000 manat məbləğində pul, ödənilmiş 159 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, icra sənədi ## ###### 2025-ci il tarixdə icraya yönəldilmiş, məcburi icra tədbirləri görülmüş, ölkə hüdudlarından kənara çıxışına məhdudiyyət qoyulmuş, barəsində axtarış elan olunmuş, tələb icra olunmadığı üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ##### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.

2. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Əliyeva) ## ##### 2026-cı il tarixli *(*-**)- ***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

3. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Əliyeva) ## ##### 2026-cı il tarixli *(*-**)- ***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayət və şikayətin dəlilləri

4. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayəti onunla əsaslandırmışdır ki, icra sənədi ## ###### 2025-ci il tarixdə icraya yönəldilmiş, borcluya könüllü icra müddəti verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, onun barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və axtarış elan edilmiş, buna baxmayaraq borclu uzun müddət məhkəmə qətnaməsini icra etməmiş, məhkəmə “üzrlü səbəb” anlayışını qanunun məqsədindən kənar və həddindən artıq geniş şərh etmiş, məhkəmə yalnız borclunun “maddi imkanının olmaması”, “kart nömrəsinin təqdim edilməməsi” və “hissə-hissə ödəmək istəməsi” barədə izahatlarına əsaslanaraq onun əməlində inzibati xəta tərkibinin olmadığı nəticəsinə gəlmiş, halbuki iş materiallarından görünür ki, borclu uzun müddət ərzində məhkəmə qətnaməsinin icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqi mexanizmlərdən istifadə etməmiş, borclu isə uzun müddət ərzində belə müraciət etməmiş, məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilməsini tələb etməmiş, öhdəliyin hissə-hissə icrası barədə məhkəmə aktı almamış, deməli, borclunun “hissə-hissə ödəmək istəyirdim” arqumenti hüquqi baxımdan əsassızdır və məhkəmə qətnaməsinin icrasını birtərəfli qaydada dəyişdirmək cəhdi kimi qiymətləndirilməlidir. Bundan başqa, borclunun “kart nömrəsi təqdim edilməməsi” ilə bağlı arqumenti də hüquqi əsasdan məhrumdur. Belə ki, borclu icra şöbəsinin depozit hesabına vəsait köçürmək imkanına malik olmuş, hətta 800 manat məbləğində ödənişi də həmin qaydada etmiş, bu isə onu göstərir ki, borclu qərarın icrasının mümkünsüz olduğunu deyil, sadəcə tam icradan yayındığını göstərmiş, məhkəmə isə həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Hazırkı iş üzrə isə borclunun uzun müddət ödəniş etməməsi, məhkəmə qətnaməsinin tam icrası istiqamətində real addımlar atmaması yalnız inzibati məsuliyyət məsələsi gündəmə gəldikdən sonra cüzi məbləğdə ödəniş etməsi məhkəmə aktının icra üsulunun dəyişdirilməsi barədə məhkəməyə müraciət etməməsi onun məhkəmə qətnaməsinin icrasından faktiki yayınmasını göstərir. Məhkəmə tərəfindən həm maddi, həm də prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə borclunun faktiki qazanc imkanlarını, əmək qabiliyyətini, gəlir əldə etmək potensialını, öhdəliyin icrası üçün real imkanlarının olub-olmamasını və qərarın icrası istiqamətində vicdanlı davranış nümayiş etdiribetdirmədiyini tam araşdırmamışdır. İş materiallarından görünür ki, icra məmuru tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüş, lakin borclu məhkəmə qərarının tam icrasını təmin etməmişdir. Hazırkı iş üzrə qəbul edilmiş qərar isə gələcəkdə borclular tərəfindən məhkəmə qərarlarının süni şəkildə icra edilməməsinə, icranın qəsdən uzadılmasına və məhkəmə aktlarının nüfuzdan salınmasına stimul yarada bilər. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə şikayətdə qeyd olunan dəlillərə uyğun izahat verərək zərərçəkmiş şəxsin 4 il öncə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs satdığı avtomobilin tələbkar tərəfindən başqa şəxsin adına rəsmiləşdirilərək pulunu ödəməkdən yayındığı, həmin avtomobilin hazırda da borclunun istifadəsində olduğunu, borclunun maddi imkanının olduğu, 2 ilə yaxın məhkəmə proseslərinin davam etdiyini, 3 instansiyadan sonra icraya yönəldiyini, borclunun öz borcunu ödəmək üçün vicdanla hərəkət etmədiyini, buna görə də borclu ilə hər hansı razılaşma imkanı olmadığını və buna görə də barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir.

6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzürlü səbəblərdən borcunu ödəyə bilmədiyini, Bakı şəhərində yaşadığını, istifadəsində olan “Oteqo” markalı avtomobillə gündəlik qazanc əldə etdiyini, günə 20 manat qazancı olduğunu, ayda maksimum 400 manat ödəyə biləcəyini, borcun hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət etmədiyini, bu barədə məlumatlı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

7. Protokol tərtib etmiş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 icra sənədi icraata daxil olan kimi borcluya tələbin könüllü icrası barədə bildiriş, daha sonra isə xəbərdarlıqlar göndərildiyini, məcburi icra tədbirlərinin tətbiq olunduğunu, lakin borclu tərəfindən borcun ödənilmədiyini, barəsində axtarış elan edildiyini, son zamanlar 2026-cı ilin aprel ayında 400 manat olmaqla 2 dəfə ödəniş etdiyini, tələbkarın isə tələbin tam təmin olunmasını xahiş etdiyini, borclunun isə izah olunmasına baxmayaraq tələbin hissə-hissə icra olunması barədə məhkəməyə müraciət etmədiyini, buna görə də barəsində protokol tərtib olunduğunu bildirərək onun inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

8. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

9. Maddə 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur.

10. Maddə 135.1.4. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi aiddir. IV. Məhkəmənin hüquqi mövqeyi

11. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və tətbiq edilən hüquq normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etməmişdir.

12. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, borclunun tələbin yönəldilə biləcəyi əmlakı və ya rəsmi gəliri müəyyən edilməmiş, tələbkar tərəfindən ona bank kartının nömrəsi verilməməsi səbəbindən borcu vaxtında ödəyə bilməmişdir. Həmçinin, şəxsin qeydiyyat ünvanını dəyişməsi və şəxsiyyət vəsiqəsinin olmaması qətnamənin hissə-hissə icrası barədə müraciət etməməsinə üzrlü səbəb kimi qəbul edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “üzrlü səbəb” anlayışına verdiyi qanunun məqsədinə uyğun olmayan şərhi ilə razılaşmır.

13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə üzrlü səbəb anlayışının qapalı siyahısı olmasa da, məhkəmə təcrübəsinə görə icra prosesində hər hansı bir halın üzrlü hesab edilməsi üçün həmin hal mütləq şəkildə obyektiv, şəxsin iradəsindən kənar xarakter daşımalıdır. Qarşısıalınmaz qüvvə, yəni fors-major hallar, şəxsin qəfil və ağır xəstəliyi, əmək qabiliyyətinin itirilməsi və ya iradəsindən kənar baş verən kəskin fəlakətlər nəticəsində əmlakın məhvi və.s kimi hallar obyektiv üzrlü hallar kimi çıxış edə bilər. Digər hallarda, xüsusən də maddi vəziyyətin pisləşməsi fonunda, borclunun davranışında vicdanlılıq meyarı əsas götürülməlidir. Yəni, şəxs öhdəliyi obyektiv olaraq icra edə bilmədiyini yalnız sözlərlə deyil, qanunun ona verdiyi hüquqi imkanlardan istifadə etməsi ilə sübuta yetirməlidir.

14. Hazırkı işin materiallarından müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 23000 manat məbləğində pul və 159 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi icraya yönəldildikdən sonra borcluya xəbərdarlıqlar edilmiş, ölkədən getmək hüququ məhdudlaşdırılmış və axtarış elan edilmişdir.

15. Borclunun tələbkarın kart nömrəsi təqdim etməməsi arqumenti tamamilə üzrsüz haldır. Belə ki, birinci instansiyada işə baxılarkən borclu artıq icra qurumunun depozit hesabına 800 manat məbləğində ödəniş etmişdir. Bu fakt özlüyündə təsdiq edir ki, borclunun icra sənədindəki tələbi qismən və ya tam icra etmək üçün tələbkarın şəxsi bank məlumatlarına heç bir ehtiyacı olmamış və onun qanuni alternativ vasitələri mövcud olmuşdur.

16. Bundan əlavə, borclunun hazırkı maddi imkansızlığı özlüyündə üzrlü səbəb yarada bilməz. Belə ki, qanunvericiliyə əsasən, qərarın icrası borclunun maddi vəziyyətinə görə çətinlik törətdikdə, o, passiv dayanmamalı, qərarın hissə-hissə icra edilməsi barədə məhkəməyə müraciət etməlidir. Borclunun uzun müddət ərzində heç bir maneə olmadığı halda bu hüquqdan istifadə etməməsi, icra məmurunun tələblərinə məhəl qoymaması və yalnız inzibati məsuliyyətə cəlb edilmə məsələsi aktuallaşdıqdan və axtarışa verildikdən sonra simvolik ödəniş (ümumi borcun təqribən 3,5 faizi) etməsi onun qərarın icrasından sadəcə yayınmaq niyyətində olduğunu göstərir. Şəxsiyyət vəsiqəsinin olmaması da vətəndaşın öz məsuliyyətsizliyinin nəticəsidir və dövlət adından çıxarılmış məhkəmə aktının icra edilməməsi üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Qərarların süni bəhanələrlə icra edilməməsi məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhz icra sənədindəki tələbin belə üzrsüz səbəblərdən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə hüquqi məsuliyyəti nəzərdə tutur.

17. Yuxarıda göstərilənləri, borclunun uzun müddət ərzində öhdəliyin icrası istiqamətində vicdanlı davranış nümayiş etdirməməsini, qərarın icrasını təmin edəcək qanuni mexanizmlərdən istifadə etməməsini və gətirdiyi səbəblərin obyektiv xarakter daşımamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur.

18. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

19. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı.

20. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, borcdan cüzi hissədə də olsa ödniş etdiyini və həmçinin işin bütün digər hallarını məcmu halında nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində aşağı həddə inzibati həbs tənbeh növü tətbiq edilməlidir.

21. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz.

22. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv olunmalı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135.1.4 və 136-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti ##.##.2026-cı il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 həvalə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 təhvil verilməsi Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar